...

Azərbaycanın dövlət rabitə operatoru paytaxt ATS-nin NGN bazasında yenidən qurulması üzrə işləri başa çatdırıb

Telekommunikasiya Materials 29 Mart 2010 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir H.Vəliyev/

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 423 saylı ATS-in nömrə tutumunun NGN (Next Generation Network - yeni nəsil şəbəkəsi) texnologiyasına keçirilməsi üzrə işləri başa çatdırıb. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında bildirilir.

Sözügedən ATS-də abonentlərin dörd rəqəmi ilə başlayan nömrələri (423) yeni elektron ATS-ə keçdikdən sonra üç rəqəmi ilə (323) dəyişdirilib və bu zaman telefon nömrəsinin sonrakı altı rəqəmi saxlanılıb.

ATS-in yenidən qurulması nəticəsində nömrə tutumu 15 min ədədə, genişzolaqlı internetin təqdim olunması üçün portların sayı isə 5 min ədədə çatdırılıb.

İstehsalat Birliyinin növbəti planlarına 471/472/473 saylı ATS-lərin yenidən qurulması və ATS-477-nin əhatə zonasının genişləndirilməsi daxildir.

Avadanlığın təchizatçısı ZTE şirkətidir. Yeni stansiyalar NGN şəbəkəsinin bazasında qurulur. Bu, İstehsalat Birliyinin prioritet vəzifələrindən biridir və onun köməyi ilə operator uzunmüddətli perspektivdə yeni xidmətlər seqmentinin artımının saxlanmasına nail olmaq niyyətindədir. Yeni sistem operatora şəhər əhalisinə ənənəvi rabitə xidməti növləri ilə yanaşı, IP telefoniya, genişzolaqlı internet və IP-TV xidmətlərinin göstərilməsi üçün imkanlar yaradır.

Hazırda Bakı Telefon Rabitəsində elektron ATS-lərin xüsusi çəkisi 87 faizi ötür.

Xəbər lenti

Xəbər lenti