...

Azərbaycanın poçt operatoru əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb

Telekommunikasiya Materials 13 İyul 2010 20:21 (UTC +04:00)
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
Azərbaycanın poçt operatoru əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC əhaliyə maliyyə xidmətləri göstərməyə başlayıb. Bu barədə Trend-ə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

Məmmədovun sözlərinə görə, hazırda bank xidmətləri poçt şöbələrinin birinci (Səbail) və beşinci (Qaradağ) filiallarında göstərilir.

"Poçt operatorunun şöbə və filiallarında maliyyə xidmətlərinin tətbiqi həm paytaxtın poçt şöbələrində, həm də regional səviyyədə mərhələlərlə həyata keçiriləcək. Filial və şöbələrin maliyyə xidməti göstərməyə hazır olmaları ilə bağlı müraciətlərə fərdi qaydada baxılacaq və bundan sonra Azərbaycan Mərkəzi Bankının icazəsi veriləcək. İndi "Azərpoçt"un Abşeron, Sumqayıt və bəzi regional filiallarının müraciətlərinə baxılır", - Məmmədov qeyd edib.

Poçt rabitəsi şöbəsi rəhbərinin sözlərinə görə, "Azərpoçt"un əhaliyə maliyyə xidməti göstərməsi üçün bütün hüquqları var. Hazırda operatora mövcud yeddi maliyyə xidmətinin beşi üzrə xidmət göstərməyə icazə verilib. Bura hesabların açılması və tənzimlənməsi, pul köçürmələrinin həyata keçirlməsi, debit kartların emissiyası, müştərinin sifarişi əsasında valyutanın alış-satışı üzrə əməliyatlar, nağd və digər qiymətli vəsaitlərin inkassasiya edilməsi daxildir.

Növbəti ildə daha iki əlavə xidmətin göstərilməsi (depozitlərin qəbulu və kredit kartlarının emissiyası) məsələsinə baxılacaq.

Məmmədovun sözlərinə görə, operatorun bank xidmətləri poçt rabitəsinin 500-dən çox şöbə və filiallarının qoşulduğu avtomatlaşdırılmış korporativ-informasiya sistemi vasitəsilə göstərilir.

Yaxın üç ayda poçt rabitəsinin şöbə və filialları (respublika üzrə 1200 filial və poçt şöbəsi) operatorun korporativ şəbəkəsinə tam qoşulacaq.

"Azərpoçt" Azərbaycanın bank bazarına çıxmaqla bank bazarının oyunçuları ilə ciddi rəqabətdə olacaq. Hazırda Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir ki, onların da filiallarının sayı 500-ü ötür. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti