...

Azərbaycanın poçt rabitə operatorunun Masallı filialı əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə hazırlaşır

Telekommunikasiya Materials 20 İyul 2010 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt rabitə operatoru "Azərpoçt" MMC-nin Masallı filialı əhaliyə maliyyə xidmətlərinin göstərilməsinə hazırlaşır. Bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

İdarənin məlumatına görə, bu gün "Azərpoçt"un Masallı filialının tabeliyində yenidənqurma işlərinin artıq başa çatdığı 42 poçt şöbəsi var.

"Azərpoçt" şəbəkəsində bank xidmətləri birinci (Səbail) və beşinci (Qaradağ) poçt şöbələrində göstərilir.

Operatorlara 7 mövcud maliyyə xidmətindən 5-nin göstərilməsinə icazə verilir. Onlara poçt hesablarının açılması və idarə olunması, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların emissiyası, müştərilərin sifarişi ilə valyuta alqı-satqısı üzrə əməliyyatlar, nağd və qiymətli vəsaitlərin inkasasiyası aiddir.

Gələn il daha iki əlavə xidmətin - depozitlərin qəbulu və kredit kartlarının emissiyası üzrə xidmətlərin göstərilməsi məsələsinə baxılacaq.

Rabitə və İnformasiya Texnoloiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədovun Trend-ə bildirdiyinə görə, poçt operatorunun şöbə və filiallarında maliyyə xidmətlərinin tətbiqi həm paytaxtın poçt rabitəsi şöbələrində, həm də regional səviyyədə mərhələli şəkildə həyata keçiriləcək.

"Filial şəbəkələrindən bank xidmətlərinin göstərilməsinə hazır olmaq haqda müraciətlər daxil olduqca onlara fərdi qaydada baxılacaq, bundan sonra Mərkəzi Bankın müvafiq icazəsi veriləcək. Bu gün artıq "Azərpoçt"un Abşeron, Sumqayıt və bəzi regional filiallarının müraciətlərinə baxılır", - Məmmədov deyib.

Operatorun bank xidmətləri avtomatlaşdırılmış korporativ-pinformasiya sistemi vasitəsilə göstərilir. Məmmədovun sözlərinə görə, həmin sistemə artıq poçt rabitəsinin 500-dən artıq şöbə və filialı qoşulub.

Yaxın 3 ay ərzində layihə çərçivəsində nəzərdə tutulmuş poçt rabitəsi filial və şöbələrinin (bütün respublikada yerləşən poçt rabitəsinin 1200 filial və şöbəsi) operatorun korporativ şəbəkəsinə qoşulacaq.

"Azərpoçt" Azərbaycanın bank bazarına daxil olmaqla, bank bazarı oyunçularına ciddi rəqib sayılacaq. Bu gün Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir, filialların ümumi sayı 500-ü ötür. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti