...

Bakı və Abşeron yarımadasında rəqəmsal telekanalların sayı 24-ə çatacaq

Telekommunikasiya Materials 15 Oktyabr 2010 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir H.Vəliyev/

Bakı və Abşeron yarımadasında rəqəmsal telekanalların sayı 24-ə çatdırılacaq. Bu barədə cümə günü Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov deyib.

Şərifovun sözlərinə görə, yaxın vaxtlarda hər bir ötürücüdə sınaq rejimində 12 proqramın işə salınması planlaşdırılır. Rəqəmsal yayımın siqnallarının keyfiyyəti "Teleradio" və Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri tərəfindən təhlil ediləcək. İşlərin "BakuTel-2010" beynəlxalq telekommunikasiya sərgisinə qədər başa çatdırılması planlaşdırılır.

"Bu gün biz cənub istiqamətində radiorele xəttin yaradılması üzrə işlər görürük. Xətt Qaradağ rayonundan Lənkəran rayonuna qədər çəkiləcək. Radiorele xətt rəqəmsal siqnalın Bakıdan cənub rayonlarına ötürülməsi üçün istifadə olunacaq. İşlərin noyabrın sonuna başa çatdırılması planlaşdırılır. Cənub istiqamətində xəttin çəkilişinə əsas səbəb Azərbaycanın efir məkanına İran telekanallarının siqnallarının müdaxiləsi faktı ilə də bağlıdır", - Şərifov qeyd edib.

Noyabrın sonunadək Gəncə və Şirvanda rəqəmsal televiziya ötürücülərinin quraşdırılması üzrə işlərin başa çatdırılması planlaşdırılır. Bu işlər başa çatdıqdan sonra İB Ağsu rayonunda işə başlayacaq və bu, bütün aran zonasını rəqəmsal televiziya ilə əhatə etməyə imkan verəcək.

"Teleradio" İstehsalat Birliyi Almaniyanın "Rohde & Schwarz" şirkəti ilə rəqəmsal ötürücülərin alışına dair müqaviləni artıq imzalayıb. Analoq televiziyanın sıxılmış siqnalları üçün avadanlığın alışına dair müqavilə də imzalanma mərhələsindədir.

Regional səviyyədə 10 telekanaldan ibarət sosial paketin tətbiqi də planlaşdırılır. Buna əsas Azərbaycan kanalları daxil ediləcək və pulsuz formada istifadə etmək mümkün olacaq. Hazırda rəqəmsal formatda təqdim edilən yerli kanallar arasında AzTV, İctimai televiziya, İdman Azərbaycan və Lider TV-ni göstərmək olar. Yaxın vaxtlarda onlara "Xəzər" telekanalı da qoşulacaq.

Şərifovun sözlərinə görə, Milli Teleleviziya və Radio Şurasının bütün yerli telekanalların rəqəmsal formata keçməsi ilə bağlı tövsiyəsinə baxmayaraq, onlar tərəfindən hələ ki bu formatda təmsil olunmaqları üçün layiqincə maraq göstərilmir.

İndi "Teleradio"nun texniki imkanları bütün yerli telekanalların rəqəmsal yayım formatına keçid zamanı tələbatlarını ödəyə bilər.

"Rəqəmsal televiziyanın potensialı kifayət qədər böyükdür. O, tezlik resurslarında qənaət etməyə, bir kanal vasitəsilə yayımlanan verilişlərin sayını artırmağa imkan verir", - "Teleradio" rəhbəri vurğulayıb.

Hazırda rəqəmsal televiziya Bakı və Abşeron yarımadası ərazisində təcrübi istismara verilib. Rəqəmsal televiziya yayımı MPEG-4 standartında həyata keçirilir. Televiziyanın rəqəmsal standartına keçmək üçün əhali dekoderlər almalıdır. Bakı televiziya qülləsindən yayımlanan siqnal Salyan, Siyəzən və Qobustana çatır. Yayımların keyfiyyəti həm stasionar, həm də saatda 90 km sürətlə hərəkət edən avtomobillərdə yüksək səviyyədədir.

Xəbər lenti

Xəbər lenti