Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Bu gün ölkəmizdə informasiya texnologiyaları sahəsi prioritet kimi elan edilib. Prezident İlham Əliyev bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının gələcək inkişafımızda çox önəmli rolu olacaq. Çünki bütün dünyanın elmi-texniki tərəqqisi bu istiqamətdə inkişaf edəcək.
Artıq Azərbaycan şirkətləri həm regionun İKT bazarında, həm də qlobal bazarda iştirak edirlər. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti mərkəzi kimi formalaşa bilsin.
Ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, ən yeni texnologiyaların tətbiqi üzrə ciddi işlər görülür. Yerli şirkətlərin dünyanın ayrı-ayrı ölkələrinin İKT şirkətləri ilə əməkdaşlığı nəticəsində bu sahədəki beynəlxalq təcrübə ölkəmizə gətirilir, həmçinin şirkətlərimizin təcrübəsi və peşəkarlığı artır. Düz 5 il əvvəl yaradılmış "AtaTexnologiya" MMC də fəaliyyət göstərdiyi müddət ərzində etibarlı tərəfdaş, yenilənən şirkət kimi ad qazanaraq proqram təminatı məhsulları bazarında uğurla fəaliyyət göstərir. Şirkətin direktoru Mais Yusifov "İqtisadiyyat"ın suallarını cavablandıraraq rəhbərlik etdiyi şirkətin fəaliyyəti ilə bərabər, informasiya texnologiyaları sahəsinin inkişafı, bu sahədə Azərbaycanın ixracatçı ölkə kimi formalaşması üçün görülməli olan işlər haqqında geniş məlumat verib.
- "AtaTexnologiya" MMC çoxşahəli İKT sektorunda hansı istiqamətlərdə fəaliyyət göstərir?
- "AtaTexnologiya" MMC 2005-ci ilin əvvəlində fəaliyyətə başlamazdan əvvəl bir bazar araşdırması aparmışdı. Araşdırma nəticəsində məlum oldu ki, Azərbaycanda proqram təminatı sahəsində boşluq var. Qərara aldıq ki, İKT-nin əsas sahələrindən biri olan proqram təminatı məhsulları bazarında fəaliyyət göstərək. Proqram təminatı məhsullarına gəldikdə isə burada da həddindən artıq çox istiqamətlər var. Bizim fəaliyyətimiz ERP (Enterprise Resource Planning) sistemləri sahəsini əhatə edir. ERP - hər hansı bir müəssisənin biznes proseslərini avtomatlaşdıran bir sistemdir. Burada anbar uçotu, mühasibatlıq, insan resurslarının idarə olunması, tədarük, satış prosesləri, servis və s. tam bir sistem vasitəsilə avtomatlaşdırılır.
Azərbaycanda xüsusilə özəl sektorda şirkətlərin ən uzağı 15-20 il tarixi var. Şirkətlərimiz fəaliyyətə başladıqlarında ilk illərdə elə də proqram təminatına ehtiyac duymurduar. Lakin satış, istehsal prosesləri genişləndikcə buna ehtiyacları olurdu. Çünki proqram təminatı olmadan nə istehsala, nə də satışa nəzarət etmək olar. Bu gün hələ də bir çox şirkətlərdə ayrı-ayrı əməliyyatların uçotu - insan resurslarının uçotu, istehsal, satış müxtəlif proqramlar vasitəsilə idarə olunur. Ayrı-ayrı proqramlar arasında isə inteqrasiya yoxdur. Bir fəaliyyəti yerinə yetirmək üçün 3-4 proqramdan istifadə etməlisən. Bu isə çətinlik yaradır. Eyni məlumatı hər proqrama ayrı-ayrılıqda daxil etməlisən. Lakin ERP sisteminin fərqi odur ki, bir sistemdə bir neçə istiqamətləri müxtəlif modulların köməyi ilə birləşdirmək mümkündür ki, bu da həm vaxta, həm də vəsaitlərə qənaətdir.
"AtaTexnologiya" MMC-nin təklif etdiyi ERP məhsulları Türkiyənin "Netsis" şirkətinin məhsullarıdır. Biz bazarda qiymət və vaxt baxımından digər rəqiblərə nisbətən özümüzü üstün sayırıq. Həmçinin, bizim məhsul tam Azərbaycana uyğunlaşdırılıb, proqram Azərbaycan dilində, Azərbaycan qanunvericiliyinə uyğun hazırlanıb. Eyni zamanda proqram həm yerli, həm də beynəlxalq maliyyə uçotu stanartlarına cavab verir. ERP sistemini bank, sığorta və səhiyyə sistemi istisna olmaqla, bütün sahələrə uyğunlaşdırıb tətbiq etmək olar.
Bankların tələbatlarına uyğun proqram təminatı məhsulu təklif edirik. Bu məqsədlə Türkiyənin "Yaz" şirkətini Azərbaycanda təmsil edirik. "Yaz" şirkətinin banklarda əməliyyatları avtomatlaşdıran "Marbas ii" proqram təminatı məhsulunu artıq 4 bankda tətbiq etmişik.
"AtaTexnologiya" MMC İT avadanlıqlarının satışı, quraşdırılması və ona xidmətin göstərilməsi ilə də məşğul olur. Biz bu sahəyə proqram təminatı ilə eyni zamanda başlamamışıq. Son iki ildə bu istiqamətdə ciddi addımlar atmışıq. Bu məqsədlə hazırda HP və "Dell" şirkətləri ilə əməkdaşlıq edirik.
- Azərbaycandan dünyaya proqram təminatı məhsullarının geniş ixracına nə vaxt başlanıla bilinər? Hazırda İKT şirkətlərinin dünya bazarlarına çıxmaq imkanları hansı səviyyədədir?
- Dünyada proqramlaşdırma sahəsində 80-ci illərin sonlarında və 90-cı ilin əvvəllərində bir "trend", bir sıçrayış olub. Təəssüf ki, Azərbaycan məlum səbəblərdən həmin "trend"i qaçırıb. Digər tərəfdən yeni bir məhsulun hazırlanması ən azı 5-10 il vaxt tələb edir. Məhsul yazılmalıdır, sınaqlardan keçirilməlidir, hər hansı bir müəssisədə tətbiq edilərək sonradan çıxan problemlər yenidən həll olunmalıdır. Yəni rəqabət aparacaq bir proqramın hazırlanması uzun müddət tələb edir. Eyni zamanda, bizdə proqramlaşdırma ilə bağlı mütəxəssislər yeni-yeni yetişir. Mən deyərdim ki, 10 ildən sonra bizdə də dünya səviyyəli proqramlarla rəqabətə apara biləcək proqram məhsulu olacaq. Hazırda mən İKT şirkətlərini başa düşürəm. Ancaq xaricdə olan "nou-hau"nu Azərbaycana gətirib təkmilləşdirməklə bazara daxil olmaq mümkündür. Qeyd etdiyim illərdə "trend"i qaçırdığımıza görə hazırda rəqabət aparmaq imkanı olmur. Artıq müəssisələrin inkişafı o qədər sürətli gedir ki, onlar bizim milli məhsulları deyil, rəqabət edə biləcək məhsulları istəyirlər. Dünya markalarını Azərbaycanda təmsil edən şirkət gözləmir ki, Azərbaycanda hər hansı proqram təminatı müasir tələblərə cavab versin və ondan istifadə etsin. Onlar qlobal markanın tələblərinə cavab verən proqram təminatı məhsulunu istəyirlər. Məcburuq ki, tələbata uyğun məhsul çıxardaq. Bizim üçün isə vaxt lazımdır. Zaman isə gözləmir. Baxmayaraq ki, həm bizim şirkət tərəfindən, həm də digər şirkətlər tərəfindən milli məhsulların yaradılması ilə bağlı müəyyən addımlar atılır.
Amma mən deyərdim ki, artıq İT xidməti ilə bağlı ixrac var. Hazırda Azərbaycan öz kapitalını qonşu dövlətlərə ixrac edir. Xarici ölkələrdə dövlətimiz tərəfindən dəstəklənən layihələr həyata keçirilir, birgə müəssisələr yaradılır. Həmin müəssisələr də Azərbaycandan müvafiq xidmətləri idxal etməyə başlayırlar.
- Siz İKT kadrlarının yetişməsinə toxundunuz. Bu gün ölkəmizdə təhsil müəssisələrində belə kadrlar hazırlanırmı?
- Bir sıra özəl universitetlərdə İT üzrə mütəxəssislər hazırlanır. Həmin mütəxəssislər nəzəri deyil, daha çox praktiki olaraq hazırlanırlar. Tələbələr universiteti bitirəndə atrıq mütəxəssis kimi yetişirlər. Amma təəssüf olsun ki, bir sıra universitetlərin tədris etdiyi vəsaitlər 90-cı illərin nəzəri materiallarıdır. Həmin tələbələr də məzun olduqdan sonra işlədikdə görürlər ki, universitetdə mənimsədikləri nəzəri biliklər onlara kömək etmir. Məcbur olub yenidən kurslara gedirlər. 90-cı ilə qədər bu sahədə mütəxəssis olmayıb. Əvvəllər yalnız avtomatlaşdırma ilə bağlı bir tədris olub. Hazırda isə universitetlərdə İKT ilə bağlı fakültələr, ixtisaslar yaranıb. Bu gün əsasən Azərbaycanda olan mütəxəssislər xaricdə təhsil almış gənclərdir. Bu gənclər özlərini daha qabarıq göstərirlər. Bu da ona dəlalət edir ki, xaricdə olan təcrübə güclüdür.
- Azərbaycanın proqram təminatı bazarında sağlam rəqabət daha çoxdur, yoxsa piratçılıq?
- Mən deyərdim ki, ERP sistemində piratçılıq yox səviyyəsindədir. ERP elə bir çətin sistemdir ki, proqram təminatını yüklədin istifadə et, belə bir şey yoxdur. Bu sistemi mütləq hər bir müəssisəyə uyğunlaşdırmaq lazımdır. Düzdür, əməliyyat sistemləri və ona uyğun müxtəlif proqramlarda, mühasibat proqramlarında kifayət qədər piratçılıq var. Amma özünə hörmət edən şirkət piratçılığa getməməlidir. Məndə olan bir məlumatı qeyd edim ki, bir müddətdən sonra şirkətlərdə istifadə edilən proqramların lisenziyalı olub-olmamadığını öyrənmək üçün audit yoxlamaları keçiriləcək. Bu zaman lisenziyasız proqramlar istifadə edən şirkətlər məhkəmələrdən tutmuş fəaliyyətlərinin iflic olmasına qədər çətinliklərlə qarşılaşa bilərlər.
- "AtaTexnologiya" MMC-nin internet səhifəsində belə bir şüar verilib: "Biz şirkətlərin İKT ehtiyaclarını ödəmək üçün elmin son nailiyyətlərindən istifadə edirik". Fəaliyyət göstərdiyiniz sahədə elmin son naliyyətləri hansılardır?
- Elmin son nailiyyəti kimi onu qeyd edə bilərəm ki, bizim təklif etdiyimiz proqram təminatı məhsulu elektron imzanı, "sms" xidmətlərini və müasir tələblərə cavab verən təhlükəsizlik səviyyələrini dəstəkləyir. Eyni zamanda, elektron xəritələri (naviqasiya) dəstəkləyir. Müştərinin ünvanını, əlaqə vasitələrini sistem vasitəsilə daha tez əldə etmək olur.
- Ümumiyyətlə, şirkətlər proqram təminatını tətbiq etməklə gəlirlərini və işin keyfiyyətini artıra bilərlərmi?
- Proqram təminatı şirkətlərə işlərini vaxtında yerinə yetirmələrinə imkan verir. Məsələn, proqram təminatı olmadıqda bir çox şirkətlər işçiləri artıq vaxt işdə saxlayır və əlavə pul ödəyirdi, həm də sifarişləri vaxtında yerinə yetirə bilmirdi. Əgər işçi axşam saat 9-10-da evinə gedirsə, bu o deməkdir ki, o səhər işə gec və yorğun gələcək. Şirkətlər fəaliyyətlərini tam avtomatlaşdırdıqdan sonra həm sifarişlər vaxtında yerinə yetirilir, həm də işçilər vaxtında evlərinə gedə bilirlər.
- Artıq 5 ildir fəaliyyət göstərirsiniz. Əgər 5 il əvvəl ilə bu günü müqayisə etsək, bazarın durumu haqqında nələri qeyd edə bilərsiniz?
- 5 il əvvələ baxdıqda görürük ki, hansı səviyyədən başlamışdıq, indi hansı səviyyədəyik. Əgər 5 il əvvəl 2-3 şirkətin proqram təminatı məhsuluna ehtiyacı var idisə, bu gün görürük ki, bazar həddindən artıq böyüyüb. Bu gün bizim də böyüməyimiz lazımdır ki, bazarın tələbatına cavab verək. Artıq biz bazarın tələbatlarını ödəməkdə çətinlik çəkirik. Həmçinin beynəlxalq uçot standartlarına keçid də iş sifarişlərin sayını artırıb.