Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir H.Vəliyev/
Rusiyanın Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi Azərbaycanın mobil rabitə üzrə rouminq tariflərinin azaldılması məsələsinə dair qərarın işlənməsinin Regional Rabitə Əməkdaşlığının (RRƏ) redaksiya komissiyasına tapşırılması və onun sonradan RƏƏ rabitə administrasiyaları rəhbərlərinə təqdim edilməsi barədə təklifini dəstəkləyib.
Rusiya tərəfinin dəstəyini RƏƏ rabitə administrasiyaları rəhbərlərinin bu gün Bakıda keçirilən 43-cü iclasında çıxış edən Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolyov ifadə edib.
Şeqolyovun sözlərinə görə, son vaxtlar Rusiyada antiinhisar araşdırmalar ona gətirib çıxarıb ki, bütün aparıcı operatorlar dövlət tərəfindən sanksiyaları gözləmədən MDB ölkələri üçün rouminq tariflərinin aşağı salınması barədə qərar qəbul edirlər.
"Rouminq tariflərinin aşağı salınması bizim operatorlar tərəfindən hələlik könüllü atılan addımdır. Lakin mən hesab edirəm ki, Birlik çərçivəsində fəaliyyətimizin əlaqələndirilməsi Avropa operatorları ilə bağlı birləşdirilmiş fəaliyyətimizə kömək göstərə bilər. Bu da xeyli dərəcədə bizi Aİ-da vahid rouminq tariflərinin tətbiqi ilə bağlı gəlirlərimizin azalmasından kompensasiya edə bilər", - Şeqolyov bildirib.
Nazirin sözlərinə görə, bu məsələ RRƏ çərçivəsində öyrənilməli və müəyyən tövsiyələr verilməlidir.
"Bu tövsiyələri artıq hökumət başçıları səviyyəsinə çıxmaq və baxılmaq üçün onlara təqdim etmək lazımdır [...]. Ona görə də redaksiya komissiyasına iclasın sonunadək heç olmasa belə qərarın layihəsini hazırlayıb bizə təqdim etməyi təklif edirəm. Hesab edirəm ki, bu mövzu bu gün ölkəmizin bütün istifadəçilərini və vətəndaşlarını düşündürür. Düşünürəm ki, biz konkret qərar qəbul etməliyik", - nazir bildirib.