Azərbaycan, Bakı, 25 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatoru "Azercell Telecom" şirkətinin üçüncü nəsil (3G) rabitə şəbəkəsinin kommersiya istismarı 2011-ci ilin əvvəllərində mümkün olacaq. Bu barədə şirkətin prezidenti Əli Ağan cümə axşamı məlumat verib.
Onun sözlərinə görə, "BakuTel 2010" telekommunikasiya sərgisində olarkən Azərbaycan Prezidenti İlham Əliyev bu texnologiyaya yüksək qiymət verib və Azercell-in 3G şəbəkəsinin istifadəyə verilməsinin vacibliyini qeyd edib.
Ağanın sözlərinə görə, bu gün üçüncü nəsil şəbəkəsinin istismara verilməsi üzrə texniki hazırlıq işləri başa çatıb və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin lisenziyasını aldıqdan sonra ondan istifadəyə başlanacaq.
Rouminq xidmətlərinə gəldikdə, Azercell rəhbəri bildirib ki, şirkət Azərbaycanın digər mobil rabitə operatorları kimi, yaxın vaxtlarda xidmətlərin bu növü üzrə daha əlverişli qiymətlər təqdim edəcək və bununla əlaqədar hazırda ölkənin digər mobil rabitə operatorları ilə danışıqlar aparılır.