...

Azərbaycanın ilk peyki "Azerspace"in inşası üzrə ilkin layihə ilin sonuna hazır olacaq

Telekommunikasiya Materials 19 Aprel 2011 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk milli telekommunikasiya peyki - "Azerspace"in tikintisi üzrə ilkin layihə ilin sonuna hazır olacaq. Bu barədə Trend-ə çərşənbə axşamı layihəyə yaxın mənbə deyib.

Peyk istehsalçısı - ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti tikintiyə peykin ayrı-ayrı hissələrinin hazırlanması üzrə işlər aparan podratçılar cəlb edib. Onun ümumi konturları noyabrda müəyyənləşdiriləcək.

"Azerspace" peykinin tikintisi üzrə işlər 2012-ci ilin sentyabrında başa çatmalıdır.

Mənbənin sözlərinə görə, əvvəllər aprelin ortalarında baş tutmalı olan planlaşdırılmış kredit sazişinin imzalanması təxirə salınıb.

"Azerspace" peykinin tikintisinin dəyəri 120 milyon dollar təşkil edir. Bunun 85 faizi Azərbaycan tərəfinə "US Ex-Im" krediti kimi veriləcək, qalan 15 faiz isə dövlət büdcəsi hesabına ödəniləcək.

Yanvarda "US Ex-Im" Ekspert Şurası tərəfindən qəbul edilən "Azerspace"in tikintisinin maliyyələşdirilməsi üzrə sənədə hələ də ABŞ Konqresində baxılır.

ABŞ qanunvericiliyinə əsasən, kreditin məbləği 100 milyon dolları ötdükdə, ona ABŞ Konqresi səviyyəsində baxılmalıdır. Bank vəsaiti Azərbaycan tərəfinə sənəd təsdiq edildikdən sonra verməlidir.

Gözlənildiyinə görə, saziş Azərbaycan hökuməti, "US Ex-Im" və Fransanın BNP Paribas bankı arasında üçtərəfli qaydada imzalanmalıdır.

Layihənin maliyyələşdirilməsində bəzi yubanmalara baxmayaraq, peykin tikintisi plan üzrə davam edir.

Azərbaycana kredit "US Ex-Im" tərəfindən "BNP Paribas"dan götürülən borc vəsaitləri hesabına ayrılacaq. Gözlənildiyinə görə, "US Ex-Im" sövdələşməni vəsaitlərdən iki illik istifadə müddəti və ödəniş dövrü on il olmaqla maliyyələşdəcək.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir, peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspace" şirkəti məşğul olacaq. Rabitə Nazirliyinin planlarına görə, ilk peykin 2012-ci ilin iyununda orbitə çıxarılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti