...

ABŞ şirkətləri "Şərq-Qərb" supermagistralı layihəsində maraqlıdırlar

Telekommunikasiya Materials 28 Sentyabr 2011 10:48 (UTC +04:00)
ABŞ-ın aparıcı İKT şirkətləri Azərbaycanın təşəbbüskarı olduğu "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsində iştirakda maraqlıdırlar.
ABŞ şirkətləri "Şərq-Qərb" supermagistralı layihəsində maraqlıdırlar

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın aparıcı İKT şirkətləri Azərbaycanın təşəbbüskarı olduğu "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsində iştirakda maraqlıdırlar. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çərşənbə axşamı Kaliforniya Senatının Ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə nazirliyin məlumatında deyilir.

Məlumatda deyildiyi kimi, Abbasov Azərbaycanda həyata keçirilən genişmiqyaslı dövlət proqramları və layihələri, ABŞ-ın Microsoft, Cisco, HP və İntel kimi iri şirkətləri ilə region üçün əhəmiyyət kəsb edən layihələrdə əməkdaşlığından danışıb.

Rabitə Nazirliyinin rəhbəri iştirakçılara "Şərq-Qərb" informasiya supermagistralının tikintisi layihəsi haqqında ətraflı məlumat verib.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Şərq-Qərb" transmilli informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın təqdim etdiyi təşəbbüsün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri aradan qaldıracaq. BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

"Şərq-Qərb" layihəsi ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Öz növbəsində, Simitian İKT sahəsində ikitərəfli əməkdaşlığın dərinləşməsinin vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti