...

"Azərpoçt"un gəlirləri 2015-ci ilədək Dünya Bankının kreditlərini ödəməyə imkan verəcək

Telekommunikasiya Materials 5 Mart 2013 15:58 (UTC +04:00)
"Azərpoçt" MMC-nin 2012-ci ilin yekunları üzrə maliyyə xidmətlərindən əldə etdiyi gəlirlər 4 dəfə artıb.
"Azərpoçt"un gəlirləri 2015-ci ilədək Dünya Bankının kreditlərini ödəməyə imkan verəcək

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir H.Vəliyev/

"Azərpoçt" MMC-nin 2012-ci ilin yekunları üzrə maliyyə xidmətlərindən əldə etdiyi gəlirlər 4 dəfə artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt rabitəsi şöbəsinin müdiri Novruz Məmmədov mətbuat konfransında deyib.

Məmmədovun sözlərinə görə, MMC-nin gəlirləri 2011-ci ildə 200 min manat olduğu halda, ötən ilin yekunları üzrə bu göstərici 800 min manatadək artıb və poçt operatoru növbəti illər ərzində gəlirlərin daha da artmasını gözləyir.

"Hesab edirik ki, "Azərpoçt"un gəlirləri gələcəkdə yalnız artacaq ki, bu da 2015-ci ildən başlayaraq poçt şöbəsinin modernləşdirilməsi üçün Dünya Bankından cəlb edilən kredit resurslarını ödəməyə imkan verəcək. Buna görə də poçt operatoru gəlirlərinin artmasında maraqlıdır", - Məmmədov qeyd edib.

O bildirib ki, poçt şöbəsinin universal poçt xidmətlərindən gördüyü zərərlər dövlət büdcəsi hesabına kompensasiya edilir.

"Bütün dünyada universal poçt xidmətlərinə görə tariflər dövlət tərəfindən tənzimlənir. Qanunvericiliyə əsasən, əgər tarifləri dövlət tənzimləyirsə, o zaman tariflər əhalinin bütün təbəqələri üçün məqbul olmalıdır. Poçt operatoruna tarifləri sərbəst müəyyənləşdirməyə imkan verilməyənədək hökumət universal poçt xidmətlərindən dəyən zərərləri ödəyəcək", - Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda Bakı və regionlarda yazılı korrespondensiyalar (poçtla göndərilən məktublar, teleqramlar və s.) təsbit edilmiş vahid qiymət üzrə həyata keçirilir. Bu təcrübə təkcə Azərbaycanda deyil, bütün dünyada tətbiq edilir.

Tariflərini özləri müəyyənləşdirən özəl poçt operatorları isə təəssüf ki, yalnız Bakıda fəaliyyət göstərirlər və zərərsiz işləyirlər. Məsələn, özəl operatorlar bir məktubu ünvana təxminən 2 manata çatdırır, "Azərpoçt"da isə bu rəqəm respublika üzrə 0,20 manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti