...

"Nar Mobile" təyyarənin göyərtəsində jurnalistlərə mobil rabitə xidmətlərini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 11 Mart 2013 14:33 (UTC +04:00)
"Nar Mobile" və AZAL təyyarələrdə mobil rabitə xidmətlərini KİV nümayəndələrinə təqdim etmək üçün Kiyev şəhərinə sınaq uçuşunu təşkil edib.
"Nar Mobile" təyyarənin göyərtəsində jurnalistlərə mobil rabitə xidmətlərini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 11 mart/Trend/

"Nar Mobile" və AZAL təyyarələrdə mobil rabitə xidmətlərini KİV nümayəndələrinə təqdim etmək üçün Kiyev şəhərinə sınaq uçuşunu təşkil edib.

Mart ayının 6 və 7-də "Nar Mobile" mobil operatoru, İsveçrənin "OnAir" şirkəti və Azərbaycan Hava Yolları (AZAL) AZAL-a məxsus təyyarələrdə mobil rabitə xidmətlərindən istifadə ilə bağlı "NarAir" layihəsini jurnalistlərə təqdim edib

Uçuşdan öncə keçirilən təqdimat zamanı "Nar Mobile", AZAL və "OnAir" şirkətinin rəhbərliyi media nümayəndələri ilə görüşüb və layihənin icra mərhələləri haqda media nümayəndələrinə məlumat veriblər.

Kiyev şəhərinə uçuş zamanı, "Nar Mobile"ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Arpadarai, Azərbaycan Hava Yollarının prezidentinin köməkçisi Məhərrəm Səfərli, o cümlədən, "OnAir" şirkətinin Şimali və Mərkəzi Avropa üzrə Biznesin İnkişafı şöbəsinin rəhbəri Deniel Froly tərəfindən müşayət olunan media nümayəndələri uçuş müddətində mobil cihazları vasitəsilə təqdim olunan bütün mobil rabitə xidmətlərindən - səsli zəngdən, SMS-dən, elektron poçt, internet və digər xidmətlərdən çox rahatlıqla istifadə ediblər.

Jurnalistlər təyyarədə şəbəkənin və rabitənin qurulma prosesi ilə yaxından tanış olublar. Deniel Froly layihənin texniki tərəfindən söz açıb və quraşdırılmış avadanlığın əsasında təyyarələrdə zənglərin edilməsinin tam təhlükəsiz olduğunu bildirib.

Uğurlu uçuş proqramı münasibəti ilə layihə iştirakçılarını təbrik edən "Azərfon" şirkətinin Satış üzrə baş direktoru Leyla Nəsrullayeva layihənin hər bir kəs üçün çox vacib olduğunu bildirib: "Müasir dövrdə kommunikasiya hər bir insanın həyatında mühüm rol oynayır. Getdiyimiz yerdən asılı olmayaraq internetdən, mobil rabitə xidmətlərindən istifadə edirik. Biz, "Azərfon" şirkəti olaraq, regionda ilk dəfə olaraq səmada da mobil rabitə xidmətlərini təqdim etdik və əminliklə bildiririk ki, bu gün bu xidmət tam olaraq işləyir. Bu münasibətlə hər kəsi təbrik edirəm və düşünürəm ki, sürətlə inkişaf edən Azərbaycan və ümumilikdə ölkənin İKT sektoru üçün bu layihənin önəmi böyük olacaq".
"Təxminən bir il öncəyə qayıtmaq istəyirəm. O vaxt mətbuat konfransında layihəni təqdim edərkən təyyarədə olarkən mobil telefon ilə zəng edib ailəmiz, dostlarımız və həmkarlarımız ilə əlaqə saxlamaq ideyası inanılmaz görünürdü. Lakin çox keçmədi ki, bu layihə reallaşdı və artıq bu gün hər kəs təyyarədə olduğu zaman təqdim etdiyimiz mobil xidmətlərdən istifadə edə biləcək. Bu münasibətlə hər kəsi təbrik edirəm və xüsusi olaraq "Azerfon" şirkətinə və AZAL QSC-yə minnətdarlığımı bildirirəm", - deyə Deniel Froly bildirib.

Bu layihənin "Telekommunikasiya İli"nə böyük bir tövhə olduğunu bildirən AZAL-ın prezidentinin köməkçisi Məhərrəm Səfərli layihənin Azərbaycanın İKT sahəsində həyata keçirdiyi ən yenilikçi layihələrindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, hazırda şəbəkəyə dünyanın bir necə aviasiya şirkəti - "Aeroflot", Azərbaycan Hava Yolları (AZAL), "British Airways", "Egyptair", "Emirates", "Etihad Airways", "Hong Kong Airlines", "Libyan Airlines", "Oman Air", "Tap Portugal", "Qatar Airways", "Royal Jordanian", "Saudi Arabian Airlines", "Singapore Airlines" və TAM qoşulub.

Şirkətlər haqqında:

"OnAir" uçuş zamanı rabitə üzrə qlobal xidmətlər üçün standartlar müəyyən edir və beş qitədə 50-dən çox müştəriyə malikdir. 80-dən çox tənzimləyici orqanların icazələri, 350 rouminq sazişi və 14 Inmarsat peyk şəbəkəsinin istifadə edilməsi sayəsində "OnAir", uçuş zamanı həm GSM həm də Wi-Fi sistemləri üzrə dayanıqlı qlobal rabitə təklif və təmin edən yeganə şirkətdir.

Azərbaycan Hava Yolları (AZAL,"Azerbaijan Airlines") "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxildir, Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakı şəhərində yerləşir.
"Nar Mobile" brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti