...

Macarıstan Azərbaycan ilə İKT sahəsində əməkdaşlıq etməyə hazırdır

Telekommunikasiya Materials 8 Aprel 2013 16:21 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Macarıstan Azərbaycan ilə İKT sahəsində əməkdaşlıq etməyə hazırdır

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçiriləcək yeni layihələr, "Elektron hökumət" layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Cari ilin fevralında "Azərspace-1" telekommunikasiya peykinin orbitə çıxarıldığını qeyd edən nazir bu peykin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb. Nazir Bakıda ənənəvi olaraq hər il keçirilən "Bakutel" sərgi-konfransına Macarıstanın müvafiq nazirliyini və informasiya texnologiyaları şirkətlərini dəvət edib.

Bildirilib ki, Azərbaycanda "Yüksək Texnologiyalar Parkı"nın yaradılması istiqamətində işlər aparılır. Növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universiteti, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq.

Abbasov ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların olduğunu diqqətə çatdırıb.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafının müşahidə olunduğunu qeyd edən Jujanna Nemet ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Macarıstanlı nazir İKT sahəsində müsbət nəticələrin əldə olunması üçün kompleks tədbirlərin görülməsinin və birgə əməkdaşlığın vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti