...

"Azercell" gələcəyin mühəndislərini bir araya topladı

Telekommunikasiya Materials 12 Fevral 2014 17:11 (UTC +04:00)
İqtisadi baxımdan güclənən və bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir.
"Azercell" gələcəyin mühəndislərini bir araya topladı

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İqtisadi baxımdan güclənən və bazar iqtisadi münasibətlərinin daha təkmil şəkildə formalaşmasına önəm verən Azərbaycan üçün təhsilin inkişafı, peşəkar, savadlı kadrların yetişməsi olduqca əhəmiyyətlidir. Bunu hər zaman nəzərə alan "Azercell Telekom" MMC ictimai əhəmiyyətli layihələr həyata keçirməklə Azərbaycanda akademik potensialın inkişafına nail olmağa dəstək olur.

MMC-dən Trend-ə verilən məlumata görə, fəaliyyətə başladığı gündən bu yöndə bir çox uğurlu layihələrə imza atan "Azercell" bu gün də ənənəsinə sadiqdir. Belə ki, fevralın 6-da Azercell-in Barama İnnovasiya Mərkəzi və Caspian Engineering Society-nin birgə təşkilatçılığı ilə "CES Qış Kampı" adlı tədbir keçirib. Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Xəzər Universiteti və Orta Doğu Teknik Universitetinin (OTDU - METU ) mühəndislik ixtisası üzrə təhsil alan 40 nəfər tələbəsi üçün müxtəlif seminarlar və təlimlər keçirilib.

Tədbirdə "IT sahəsində iş imkanları", "IOS əməliyyat sistemi" və "Texnoloji sahibkarlıq" haqqında geniş mühazirələr və müzakirələr keçirilib. Eyni zamanda, Azercell-in İnsan Qaynaqları Departamentinin nümayəndəsi tələbələrə şirkətdə iş imkanları barədə geniş məlumat verib. Tələbələr Barama İnnovasiya Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirdiyi layihələrlə də daha yaxından tanış olublar.

"CES Qış Kampı" tədbirinin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələri İT sahəsindəki imkanlar haqqında maarifləndirməkdir.

Qeyd edək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya Mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilib. "Ümumdünya Startup Müsabiqəsi", "Baku TechTalks", "Elm və Texnologiya Sahibkarlığı Proqramı" və digər layihələr sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək və daha böyük maliyyə dəstəyi almaq imkanı qazanıblar.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti "ASAN imza" və s.

Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna "Azercell" abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil edib. 2011-ci ildə "Azercell" 3G, 2012-ci ildə isə 4-cü nəsil şəbəkəsi olan LTE xidmətini təqdim edib. "Azercell" Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. "Azercell" dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaşı olan "TeliaSonera" şirkətlər qrupunun bir hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti