Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir H.Vəliyev/
Çin Azərbaycanın gələcək peyk layihələrində iştirak etmək niyyətindədir. Bunu Çin Xalq Respublikasının (ÇXR) Azərbaycandakı səfiri Xun Tsyuin rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşündə bildirib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı nazirliyin yaydığı xəbərdə deyilir.
Səfirin sözlərinə görə, Çin şirkətləri Azərbaycanın peyk layihələrinə və kosmik aparatların buraxılışı üzrə qarşıdakı tenderlərdə iştiraka böyük maraq göstərirlər.
Çin peyk buraxılışı bazarında əsas oyunçulardan, eləcə də onların istehsalçılarından biridir.
ÇXR-in kosmik proqramı 1956-cı ildə start götürüb. Proqram çərçivəsində ilk peyk 1970-ci ildə buraxılıb. 2003-cü ildə Çin dünyada üçüncü kosmik dövlət olub. ABŞ, Rusiya və Avropa ilə yanaşı Çin "Beydou" milli qlobal peyk naviqasiya sisteminə malikdir.