...

Azərbaycanın daha bir bankı elektron arayışların verilməsinə başlayıb

Telekommunikasiya Materials 29 Oktyabr 2014 14:28 (UTC +04:00)
Artıq "AccessBank" da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.
Azərbaycanın daha bir bankı elektron arayışların verilməsinə başlayıb

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/

Artıq "AccessBank" da kredit rəsmiləşdirilməsi üçün elektron arayış xidmətindən istifadəyə başlayıb.

Trend-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinə (MHM) istinadən verdiyi məlumata görə, "Elektron Hökumət" portalının operatoru MHM və "AccessBank" arasında müqavilə imzalanıb və müqavilə şərtlərinə əsasən, bankın mərkəzi ofisində və filiallarında xidmətin tətbiqinə başlanılır.

"Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti tələb olunan arayışların elektron şəkildə əldə edilməsi mərhələsini sadələşdirmək məqsədi ilə yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə portala daxil olub, kredit almaq və digər məsələlər üçün öz elektron arayışını banka təqdim etmək imkanını əldə edəcək. Xidmətdən istifadə etmək üçün vətəndaş "Elektron Hökumət" portalında autentifikasiyadan keçməlidir. Müştəri fərdi məlumatlar üzrə elektron arayışı evindən, iş yerindən və yaxud bankda bu layihə üçün quraşdırılmış xüsusi kompüter vasitəsilə də göndərə bilər.

Hazırda bu elektron xidmətə daxil olan zaman 7 dövlət qurumu tərəfindən vətəndaş haqqında məlumatlar təqdim olunur. Gələcəkdə isə daha cox qurumların məlumatları təqdim etməsı nəzərdə tutulub.

Elektron arayış sistemindən istifadə edərək vətəndaşlar bir sıra üstünlüklər əldə etmiş olacaqlar:

- Sutkanın 24 saatı, günün istənilən vaxtında banka onlayn kredit alma müraciətinin göndərilməsi imkanı;

- Vətəndaşlar üçün vaxt itkisini aradan qaldırılması və rahatlığın təmin edilməsi;

- Bürokratik proseslərin ləğv edilməsi;

- İşlədiyi müəssisədən arayışın alınmasına zərurətin yaranmaması;

- Çalışdığı müəssə rəhbərliyinin işcinin kredit götürməsi haqqında məlumatlandırılmasına ehtiyacın olmaması.

Xidmət "Elektron hökumət" portalında 17.06.2014-cü il tarixdən istifadəçilərə təqdim edilib və keçən müddət ərzində "Unibank", "Bank of Baku" və "Bank VTB" (Azərbaycan) bu xidmətə qoşulub.

Gələcəkdə digər bankların da elektron arayışın verilməsi xidmətinə qoşulması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti