...

İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri məruz qalıb

Telekommunikasiya Materials 25 Avqust 2016 13:57 (UTC +04:00)
Bu ilin II rübündə internet vasitəsilə yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb.
İnternetlə yoluxma riskinə ən çox Azərbaycan istifadəçiləri  məruz qalıb

Bakı. Trend:

Bu ilin II rübündə internet vasitəsilə yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb. “Kaspersky Lab” şirkətinin məlumatına əsasən, 2016-cı ilin ikinci rübündə Azərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələr ilə rastlaşıb və bu, dünya üzrə ən yüksək göstərici hesab olunur.

Bu barədə Trend-ə şirkətdən verilən məlumatda bildirilir.

İnternetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb, halbuki ilin əvvəlində dördüncü pillədə idi. Liderlər üçlüyündə həmçinin Rusiya və Çin yer alıb, Azərbaycan isə bu top üçlükdən Qazaxıstanı sıxışdırıb çıxarıb. İkinci rübdə orta hesbala Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb.

Buna baxmayaraq, lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə aprel-iyun aylarında Azərbaycan heç ilk iyirmilikdə belə yer almayıb. Bu o deməkdir ki, keçən rübdə Azərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif idi.

“Şəbəkədə kibertəhlükələrin sayı hər gün dayanmadan artır, zərərverici proqramlar isə daha da qəlizləşir və güclənir. Səhlənkarlıq və diqqətsizlik göstərərək istifadəçi naməlum linkə daxil olduğu və ya naməlum şəxsin göndərdiyi məktubda əlavəni açdığı zaman öz kompüterinə çoxsaylı zərərvericilərdən birini yükləmə riskinə məruz qalmaqla yanaşı qiymətli fayllar ilə məxfi məlumatları risk altına atır. Yeni və hələ geniş yayılmamış təhlükələri müəyyən edən güclü texnologiyaya malik etibarlı müdafiə həll vasitəsilə bu riskləri və onlarla bağlı problemləri aradan qaldırmaq mümkündür”, - deyə “Kaspersky Lab” şirkətinin Azərbaycan üzrə regional nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti