...

Azərbaycanda İKT-nin modernləşdirilməsinin növbəti mərhələsi reallaşdırılacaq

Telekommunikasiya Materials 8 Noyabr 2016 14:55 (UTC +04:00)
Azərbaycanda İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi üzrə birgə layihə reallaşdırılır
Azərbaycanda İKT-nin modernləşdirilməsinin növbəti mərhələsi reallaşdırılacaq

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) Azərbaycan Nümayəndəliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsinin növbəti mərhələsinin birgə icrası barədə razılıq əldə edib.

BMT-nin Bakı ofisindən Trend-ə verilən məlumata görə, layihənin məqsədi İKT-nin tətbiqi dairəsini genişləndirmək, sosial-iqtisadi təsirlərini artırmaq, regional səviyyədə “rəqəmli fərq”i aradan qaldırmaq üçün çoxtərəfli dialoq yaratmaqdır.

Layihə çərçivəsində beynəlxalq təşkilatlarlarla (BMT İqtisadi və Sosial məsələlər üzrə Departamenti (UNDESA), BMT Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT Dövlət Administrasiya Şəbəkəsi (UNPAN), BMT Asiya və Sakit Okean Regionu üzrə Komissiyası (UNESCAP) və.s), eləcə də, Azərbaycanda yerli hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, biznes dairələri ilə əməkdaşlıq ediləcək.

Eyni zamanda, “e-iştirak” üzrə milli bacarıqların artırılması, açıq hökumət məlumatları üzrə maarifləndirmə, Trans-Avrasiya Super İnformasiya Magistralı layihəsi istiqamətində fəaliyyətin həyata keçirilməsi, biliklərə əsaslanan və innovativ iqtisadiyyatın inkişafı üçün milli konsepsiyanın işlənilməsi, eləcə də “elektron hökumət” infrasturkturunun inkişafı və e-xidmətlərin təşviqi üzrə birgə işlər görülməsi nəzərdə tutulub. Regional İnternet İdarəçilik Forumunun təşkili üzrə də birgə əməkdaşlıq da layihədə planlaşdırılıb.

BMTİP Azərbaycan Hökumətinin İKT sahəsində əməkdaşlıq üzrə uzunmüddətli tərəfdaşı kimi tanınır. Bu illər ərzində müxtəlif dövlət qurumları ilə çoxsaylı layihələr həyata keçirilib və bu gün də davam etdirilir.

BMTİP indiyədək Milli İKT Strategiyasının hazırlanması, “AzDataCom” şəbəkəsinin qurulması, Data Mərkəzin yaradılması, həmçinin Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və digər dövlət qurumlarında işgüzar proseslərin avtomatlaşdırılması sahəsində layihələrinin həyata keçirilməsində əməkdaşlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti