...

"Mastercard" süni intellekt vasitəsilə kiberdələduzlara qarşı mübarizə aparacaq

Telekommunikasiya Materials 29 Dekabr 2016 11:48 (UTC +04:00)
“Mastercard” şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib.
"Mastercard" süni intellekt vasitəsilə kiberdələduzlara qarşı mübarizə aparacaq

Bakı. Trend:

“Decision Intelligence™” həlli süni intellekt texnologiyası vasitəsilə tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini təkmilləşdirir və müştərilərin alış-veriş təcrübəsinin yaxşılaşdırılmasını təmin edir. “Mastercard” şirkəti qlobal şəbəkəsində “Decision İntelligence” texnologiyasını təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, sözügedən texnologiya qərarvermə prosesini idarə edən və dələduzluq hallarını aşkarlayan kompleks xidmətdir. Yeni həll süni intellekt texnologiyasından istifadə etməklə maliyyə institutlarına real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqini sürətləndirməyə və yanlış imtinaları azaltmağa imkan yaradır.

Qeyd edək ki, bu, “Mastercard”ın birbaşa olaraq öz qlobal şəbəkəsində süni intellekt texnologiyasının ilk tətbiqi hesab olunur.

Hazırda istifadə olunan qərarların qiymətləndirilməsi texnologiyaları əsasən, öncədən müəyyən edilmiş qaydalar çərçivəsində risk dəyərləndirilməsini həyata keçirir. “Decision Intelligence” həlli özü ilə birgə geniş imkanlar təklif edən yeni radikal yanaşmanı ərsəyə gətirir. O, hər bir əməliyyatın analizi, qiymətləndirilməsi və öyrənilməsini daha geniş həyata keçirməyə imkan verir. Kart emitentləri yeni texnologiya vasitəsilə əldə edilmiş nəticələri hər növbəti əməliyyatlara tətbiq edə bilirlər.

“Biz ödəniş zamanı istehlakçının üzləşdiyi əsas çətinliklərdən olan yanlış imtinalar problemini həll edirik. Qlobal şəbəkəmizdə süni intellekt texnologiyasından istifadə edərək biz maliyyə qurumlarına və digər tərəfdaşlara əməliyyatların təsdiqi göstəricilərini yaxşılaşdırmağa və müvafiq olaraq alıcı təcrübəsini inkişaf etdirməyə yardım göstəririk”, - deyə “Mastercard” şirkətinin Risklər və müəssisələrin təhlükəsizliyi üzrə prezidenti Acay Balla bildirib.

Bir sıra texnologiyalar əsasında yaradılmış “Decision Intelligence” sistemi mürəkkəb alqoritmlərdən istifadə edərək intellektual analiz sayəsində köhnə problemin həlli üçün yeni üsul təqdim etməklə banklara proqnozlaşdırılmış qiymət verməyə imkan yaradır. Bundan sonra banklar əldə edilmiş məlumatı fırıldaqçılıqla mübarizə sistemlərinə inteqrasiya edə bilərlər.

“Decision Intelligence” xidmətinin əsaslandığı smart-texnologiyalar hər istifadəçinin hesab üzrə alış-veriş davranışlarını uzun müddət öyrənərək normadan kənar davranışları dərhal aşkar edir. Belə ki, onlar hesabdan ödənişlər üzrə müştərilərin dəyər seqmentasiyası, risk xərcləri, lokasiya, satıcı, ödəniş qurğusunun məlumatları, zaman və alış-verişin növü barədə məlumatlardan istifadə edirlər.

Son bir neçə il ərzində ödəniş sektoru böyük səylə ödənişlərin mühafizəsinə və fırıldaqçılığa qarşı mübarizəyə fokuslanıb, buna görə də əməliyyatların həqiqiliyinin yoxlanması və fırıldaqçılıq hallarının idarə edilməsi arasında düzgün balansın qorunması böyük əhəmiyyət daşıyır.

Təkcə ABŞ-da əməliyyatlar zamanı yanlış imtinaların dəyəri kartlarla fırıldaqçılıq halları nəticəsində əmələ gələn itkilərin ümumi məbləğindən 13 dəfə çoxdur. Tranzaksiyaların qiymətləndirilməsində süni intellektdən istifadə problemlərin həlli istiqamətində yeni bir addımdır.

“Mastercard” şəbəkəsində əsas komponent olaraq süni intellektdən istifadə hər əməliyyatın fırıldaqçılığa məruzqalma riskini daha dəqiq qiymətləndirmək imkanı yaradır. Bu yeni imkanlar real vaxt rejimində tranzaksiyaların həqiqiliyinin təsdiqi prosesini sürətləndirəcək və yanlış imtinaları azaldacaq. Əldə edilmiş məlumat sayəsində yanacaqdoldurma məntəqələri və ya ATM-lər kimi xüsusi sahələr potensial risklərə daha çevik reaksiya verə və bununla da geri qaytarılan ödəniş kimi əməliyyat xərclərini azalda bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti