...

Regional nəqliyyat layihələrinin reallaşdırılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub (FOTO)

Telekommunikasiya Materials 28 Noyabr 2017 17:19 (UTC +04:00)
Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gürcüstanda keçirilən beynəlxalq forumda iştirak edir.
Regional nəqliyyat layihələrinin reallaşdırılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Gürcüstanda keçirilən beynəlxalq forumda iştirak edir.

Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri R.Quluzadənin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Tbilisi Kəmər və Yol Forumu"nda iştirak edir.

"Nəqliyyat infrastrukturu" mövzusunda təşkil olunan Panel sessiyada R.Quluzadə "Beynəlxalq Nəqliyyat Dəhlizləri və Azərbaycan Respublikasında İnfrastrukturun İnkişafı" mövzusunda çıxış edib.

Çıxışda qlobal infrastruktur layihələrinin reallaşmasında dövlət dəstəyinin və Azərbaycanın coğrafi mövqeyinin əhəmiyyəti qeyd edilib. Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı kimi miqyaslı layihələrin yeni beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşmasında rolu və bunun sayəsində beynəlxalq yük daşımalarının həcminin artması vurğulanıb.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin mövcud vəziyyəti və gələcək perspektivləri, infrastruktur layihələrinin həyata keçirilməsində innovativ həllərin tətbiq edilməsi və investisiyaların cəlb olunması kimi məsələlər çıxışın əsas mövzularından olub.

Daha sonra R.Quluzadə ilə Gürcüstanın baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı regional nəqliyyat layihələrinin reallaşdırılmasında Azərbaycan-Gürcüstan əməkdaşlığı və gələcək perspektivlər barədə müzakirə aparılıb.

Eyni zamanda, D.Kumsişvili Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin reallaşdırılmasında Azərbaycanın əhəmiyyətli rol oynadığını və bunun nəticəsi olaraq üç ölkəni birləşdirən dəmir yolu xəttinin Qədim İpək Yolunun mühüm hissəsi olduğunu qeyd edib.

İki gün davam edəcək forumda 60-dan çox ölkədən 2 minə yaxın nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti