...

"Azercell"in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri müəyyənləşib (FOTO)

Telekommunikasiya Materials 31 Oktyabr 2018 17:34 (UTC +04:00)
İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz innovativ fikirlərini koda çevirməyi bacaran gənclər öz bacarıqlarını nümayiş etdiriblər.
"Azercell"in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri müəyyənləşib (FOTO)

Bakı. Trend:

İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz innovativ fikirlərini koda çevirməyi bacaran gənclər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsində öz bacarıqlarını nümayiş etdiriblər.

"Azercell"dən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı, Yüksək Texnologiyalar Parkının dəstəyi və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə baş tutan layihənin qalibləri müəyyən olub. “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən müsabiqədə münsiflər heyətinin qərarı ilə “Dostlar”, “Express” və “Ml learning” komandaları qalibiyyət qazanıb.

Birinci yerin sahibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin sahibi “Express” komandasına 3000 AZN, üçüncü yerin sahibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin Qızıl sponsoru olan Azercell şirkəti tərəfindən də dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.

"Hackathon" ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir. Bu müsabiqə zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər. Azercell Telekom hər zaman olduğu kimi bundan sonra da informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startap-ları dəstəkləməyə davam edəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti