...

Bakıda texnoparklar üzrə beynəlxalq konfrans yayda keçiriləcək

Telekommunikasiya Materials 11 Mart 2006 15:00 (UTC +04:00)

Bakıda Rabitə və İnformasyia Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək texnoparklar üzrə beynəlxalq konfransın vaxtı yaya keçirilib. Nazirliyin strateji planlaşdırma şöbəsinin elmi potensial sektorunun rəisi Rüfət Gülməmmədov Trend ə bildirib ki, öncə mayın birinci yarısına nəzərdə tutulmuş konfransın iyulun sonunda, yaxud avqustun əvvəlində keçirilməsi planlaşdırılır.

"Tarixin dəyişdirilməsi təşkilati işlərlə bağlıdır. Bu, beynəlxalq konfransdır, işlər ciddi və ətraflı yanaşma tələb edir" - deyə sektor rəisi qeyd edib. Rabitə Nazirliyi tərəfindən konfransda iştirak üçün 15 ölkəyə (Hindistan, İtaliya, İran, Türkiyə, Fransa, MDB və Baltik ölkələri və s.) dəvətnamə göndərilib.

Konfransın keçirilməsində əsas məqsəd artıq texnoloji parkların mövcud olduğu ölkələrin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparılması və Azərbaycanda analoji parkların yaradılmasında bu təcrübədən istifadə edilməsidir.

2005-2008-ci illərdə Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına əsasən, texnoparkların 2008-ci ilədək yaradılması nəzərdə tutulur.

Texnoparklar müasir standartlara əsasən urbanizasiya olunmuş ərazilərdir, burada kompakt şəkildə istehsal obyektləri, elmi-tədqiqat və təcrübi-konstruktor şirkətlərinin biznes-inkubatoru, işgüzar və sərgi mərkəzləri, gömrük terminalları, tədris mərkəzləri və müxtəlif yardımçı obyektlər yerləşir.

Xəbər lenti

Xəbər lenti