...

Azərbaycan və Qazaxıstan TAA-nın Xəzər sualtı seqmentinin çəkilişini müzakirə edəcəklər

Telekommunikasiya Materials 15 Fevral 2007 16:34 (UTC +04:00)

Azərbaycan və Qazaxıstan 2007-ci ilin birinci rübündə keçirilməli olan görüş zamanı Trans-Asiya- Avropa (TAA) optik magistral kabel xəttinin Xəzər sualtı seqmentinin çəkilişini müzakirə edəcəklər. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən xəbərə görə, hələ planlaşdırılmış görüşün dəqiq tarixi müəyyən olunmayıb.

Lakin çox ehtimal ki, görüş Bakıda keçiriləcək və bu zaman konkret işlərin reallaşdırılmasının, Rabitə Nazirliyi və Qazaxıstan Respublikasının informatizasiya və rabitə agentliyi arasında imzalanmış protokol çərçivəsində nəzərdə tutulmuş tikintinin başlanması müzakirə olunacaq.

TAA Xəzər sualtı seqmentinin (Bakı-Aktau) reallaşdırılması layihəsi artıq birinci il deyil ki, Qazaxıstan və Azərbaycan tərəfinin müzakirə gündəliyində idi və hələ 1999-cu ildə başlanmalı idi. Lakin tərəflərdən biri ilə qəti razılaşma əldə olunmadığından, tikinti hələ də həyata keçirilməyib. Rabitə Nazirliyində qeyd olunduğu kimi, Azərbaycan tərəfi hər zaman bu işdə təşəbbüsçü qismində çıxış edib və Qazaxıstan tərəfi ilə çoxlu sayda rəsmi görüşlərin keçirilməsinə baxmayaraq, bu məsələdə müəyyən nəticə əldə etmək mümkün olmayıb.

Hər iki ölkənin dövlət idarələri arasında danışıqların birinci mərhələsi 2006-cı ilin fevral ayında baş tutub. Onun keçiriməsi zamanı Qazaxıstan tərəfi elan edib ki, kabelin çəkilişinin qismən maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürməyə hazırdır. Eyni zamanda Azərbaycan nümayəndə heyətinin nümayəndələri bildirib ki, Azərbaycan layihə xərclərinin 50%-ni maliyyələşdirmək üçün lazımi imkanlara malikdir. Mütəxəssislər bəyan edirlər ki, əvvəlki dövrlə müqayisədə, Qazaxıstan indi layihəyə daha çox maraq göstərməyə başlayıb, bu isə son görüşlərdə xüsusilə hiss olunub. Bunun həmçinin Qazaxıstan telekommunikasiya bazarında yeni operatorların yaranması ilə bağlı olması da mümkündür və bununla əlaqədar layihənin həyata keçirilmə imkanları genişlənib. "KazaxTelekom" şirkəti ilə yanaşı, Qazaxıstan telekommunikasiya bazarında iş təcrübəsinə malik olan "KazTransCom" şirkəti də layihəyə maraq göstərməyə başlayıb. Bu şirkətin nümayəndələri ilə görüşlərdə qeyd olunub ki, "KazTransCom" xərclərin 50%-ni maliyyələşdirməyə hazırdır. Əgər Qazaxıstanın informatizasiya və rabitə agentliyi və AR Rabitə Nazirliyini təmsil edən hər iki tərəf ümumi razılığa gəlsələr, Azərbaycan tərəfi, öz növbəsində, bu şirkətlə işə qarşı deyil.

Hazırda sualtı Xəzər ərazisindən başqa, TAA optik-lif kabelinin Şanxaydan Frankfurta qədər bütün seqmentlərində tikinti işləri başa çatıb, ona görə də TAA kabeli üzrə informasiya mübadiləsi İran və Rusiya ərazisindən tranzit vasitəsilə həyata keçirilir, bu isə magistralın təhlükəsizliyini azaldır və uzunluğunu artırır.

Layihə reallaşdırıldığı halda, Azərbaycan bölgədə əsas tranzit dövləti olacaq. Layihə Orta Asiyaya Azərbaycan ərazisindən tranzit vasitəsilə birbaşa Türkiyə ilə əlaqə yaratmağa imkan yaradacaq. Eyni zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və digər ölkələr Qazaxıstan ərazisindən keçməklə, Çinlə əlaqə yaratmaq imkanı əldə edəcəklər.

Xəbər lenti

Xəbər lenti