...

Əli Abbasov: "Intel Azərbaycanda kompüter istehsalının genişlənməsində iştirak edə bilər"

Telekommunikasiya Materials 14 Mart 2007 20:46 (UTC +04:00)
Əli Abbasov: "Intel Azərbaycanda kompüter istehsalının genişlənməsində iştirak edə bilər"

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Xalq kompüteri" layihəsi çərçivəsində əhalinin aztəminatlı hissəsini kompüterlə təmin edəcək. Bu barədə məlumatı çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov verib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda kompüterlərin sayı çox azdır. Hazırda ölkədə hər 100 nəfərə 5-6 kompüter düşür. Dünya üzrə orta göstəricilərdə isə bu rəqəm 20-25 təşkil edir.

Nazir layihənin əsas məqsədinin əhali arasında kompüterlərə tələbat yaratmaq, qiymətləri aşağı salmaq və yerli istehsalı genişləndirmək olduğunu bildirib.

Hazırda nazirlikdə Microsoft və Intel şirkətlərinin mütəxəssislərinin iştirakı ilə hökumətə təqdim olunmaq üçün layihə hazırlanır.

Əli Abbasov Microsoft şirkətinin pirat məhsulların qarşısını alacaq lisenziya verəcəyini və tələbat yaranarsa Intel şirkətinin yerli kompüter istehsalının genişləndirilməsində iştirak edəcəyini bildirib.

Nazir ilk növbədə kompüterlərin güzəştli əsasalarla təhsil müəssisələrinə verilməsinin məqsədəuyğun olduğunu bildirib.

"Bizim sosial-iqtisadi araşdırmalarımızın nəticələrinə görə, Azərbaycanda kompüterlərin sayı indi olduğundan daha çox olmalıdır. Ola bilsin ki bu, zəif təbliğat, yaxud da əhalinin kompüterlərə ciddi tələbat hiss etməməsi ilə bağlıdır. Yeni layihənin məqsədi məhz tələbatın artırılmasıdır",-deyə nazir Əli aAbbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti