...

Azərbaycanın "İnternet Forum"u "Telekommunikasiya haqqında" qanuna dəyişiklik təklif edir

Telekommunikasiya Materials 16 Mart 2007 12:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın "İnternet Forum" QHT-si Milli Məclisin rəhbəri Oqtay Əsədov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və daxili işlər naziri Ramil Usubova "Telekommunikasiya haqqında" qanuna dəyişikliklərin edilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, mobil rabitə xidmətinin səviyyəsinin yaxşılaşdırılması, mobil rabitə operatorları və istifadəçilər arasında sivil münasibətlərin yaradılması ilə bağlı müraciət edib. Bu barədə QHT-dən məlumat verilib.

Təşkilat hesab edir ki,  son dövrlərdə mobil telefon istifadəçilərinin sayının hədsiz dərəcədə artması ciddi problemlər yaradıb. Təbii ki, mobil telefon abunəçilərinin sayı artdıqca telefonlara tələbat da  artır. Tələb artdıqca ucuz qiymətə telefon təklif edənlər  artsa da , ölkədə mobil telefon bazarında  tələb-təklif  münasibətlərinin normal məcraya  yünəldilməsinə ciddi zərurət  duyulur.

Müşahidələr  göstərir ki, mobil telefonların itirilməsi  və oğurlanması halları xeyli çoxalıb. Oğurlanmış telefonlara operatorlar tərəfindən  xidmət  göstərilməsi təbii ki, istisna təşkil etmir. Təəssüf ki, ölkə qanunvericiliyində oğurlanmış telefon aparatlarına  mobil operatorlar tərəfindən xidmət  göstərilməməyi  təsbit olunmayıb. Oğurlanmış telefonların  vahid  bazasının  olmaması hansısa bir  və ya bir  neçə operator tərəfindən bu cür qeydiyyatın aparılmasını da əhəmiyyətsiz edir. Hətta oğurlanmış telefon  aparatlarının tapılması ilə bağlı  bəzi operatorlar tərəfindən müraciətlər  belə qəbul edilmir.

Oğurlanmış telefon aparatlarının tapılması ilə bağlı mobil operatorlarla  hüquq -mühafizə orqanlarının birgə fəaliyyəti ilə  və bu sahədə qanunvericiliklə bağlı müəyyən problemlər mövcuddur. Oğurlanmış  aparatlarla  bağlı operatorlar  və polis orqanları tərəfindən ərizələrin qəbulu  və icrası prosesinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur.

"Telekommunikasiya haqqında" və "İnformasiya əldə edilməsi haqqında" qanunların qəbulundan sonra  abunəçilər, mobil operatorlar və dövlət arasındakı münasibətlərin beynəlxalq və yerli qanunvericiliyə uyğun qurulması zərurətə  çevrilib.

1.Mobil operatorlar  və hüquq-mühafizə orqanlarının birgə iştirakı ilə oğurlanmış telefon aparatlarının vahid  bazasının yaradılmasının məcburiliyi  və telefon alınarkən onun oğurluq olub-olmamasını Online formasında müəyyən etməyə imkan verən informasiya sisteminin yaradılmasının zəruriliyi haqqında müddəalar "Telekommunikasiya haqqında" qanuna əlavə  edilsin.

2.Ölkə üzrə oğurlanmış telefonların vahid  bazasının oğurluq telefonların  beynəlxalq  və regional  məlumat bazalarına qoşulmasının vacibliyi haqqında müddəa  "Telekommunikasiya haqqında" qanuna əlavə olunsun.

3.Oğurlanmış telefon aparatlarına mobil operatorlar tərəfindən xidmət göstərilməsinin qadağan edilməsi haqqında Telekommunikasiya haqqında" qanuna əlavə olunsun.

4.Oğurlanmış aparatlarla  bağlı operatorlar və polis orqanları tərəfindən vətəndaşların ərizələrinin qəbulu  və icrası prosesinin təkmilləşdirilməsi və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində addımlar atılsın.

5.İstifadəçilər, mobil operatorlar   və dövlət arasında  münasibətlərin daha  effektiv və sivil normalara uyğun qurulması üçün "Telekommunikasiya haqqında", "İnformasiya əldə edilməsi haqqında" və "İstehlakçıların hüquqlarının qorunması" haqqında qanunların tələbləri nəzərə alınmaqla "Mobil rabitə xidmətinin göstərilməsi qaydaları" hazırlansın.

Xəbər lenti

Xəbər lenti