...

Azərcell Telekom Caspian Telecoms beynəlxalq konfrans və sərgisində Azərbaycanı təmsil edir

Telekommunikasiya Materials 11 Aprel 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / 12- 13 aprel 2007-ci il tarixlərində İstanbulda Türkiyə, Xəzər və Qara dəniz bölgələri, Mərkəzi Asiya və Rusiya üçün Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 6-cı Beynəlxalq Konfransı və 5-ci Beynəlxalq Sərgisi - "Caspian Telecoms" keçiriləcək."Azərcell Telekom" BM-in əsas səhmdarı olan "Fintur Holdings" şirkətinin baş sponsorluğu ilə baş tutacaq "Caspian Telecoms" Beynəlxalq Konfrans və Sərgisində Yunanıstan, Ukrayna, İran, Bolqarıstan da daxil olmaqla regionun 20-yə yaxın ölkəsinin nümayəndələri iştirak edəcək. Bu barədə çərşənbə günü şirkətin məlumatında göstərilib. Türkiyənin, Yunanıstanın, Qırğızıstanın dövlət nazirlərinin iştirak edəcəyi tədbirdə Azərbaycan hökumətini Rabitə və İnformasiya Texnologiyaları nazirliyinin nümayəndələri və "Aztelekom" İstehsalat Birliyinin rəhbərliyi təmsil edəcək.

Azərbaycanı daim beynəlxalq tədbirlərdə təmsil edərək ölkə iqtisadiyyatının potensialı, xarici sərmayəçilər üçün yaradılmış imkanlar, savadlı və istedadlı kadrları barədə məlumat verməyi öz fəaliyyət istiqamətlərindən biri seçən "Azərcell Telekom" BM, "Caspian Telecoms" Beynəlxalq Konfrans və Sərgisində iştirakı ilə bu ənənəsini davam etdirəcək.

Ölkə rəhbərliyinin informasiya texnologiyalarını iqtisadiyyatın ən prioritet sahələrindən biri elan etməsi və Azərbaycanı regionun mərkəzinə çevirməyə dair planlarına dəstək olaraq "Azərcell Telekom" BM bu sahədə bölgənin ən böyük və nüfuzlu tədbirində iştirak edəcək və ölkənin yalnız iqtisadi cəhətdən deyil, həmçinin siyasi və ictimai cəhətdən də inkişaf etdiyi barədə iştirakçıları məlumatlandıracaq. Regionun ən nüfuzlu telekommunikasiya şirkəti olaraq "Azərcell Telekom" BM-in bu cür tədbirlərdə iştirakı ilə "Azərbaycan və azərbaycanlılar hər şeyin ən yaxşısına layiqdir" strategiyası çərçivəsində ölkədə ən yeni texnologiyaların tətbiqi kimi ənənəsinə sadiq qalmağa çalışacaq.

"Caspian Telecoms" Beynəlxalq konfrans və sərgisində informasiya şəbəkələri üçün avadanlıqların təchizatçıları, kompüter və İT şirkətləri, GSM avadanlıqlarının istehsalçıları, GSM operatorları, maliyyə qurumları, maliyyə investisiya bankları, peyk rabitəsinin operatorları, internet təminatçıları, İT texnologiyaları üçün zəruri olan avadanlıq və qurğu istehsalçıları və başqa şirkətlər təmsil olunurlar.

Caspian Telecoms-da iştirak edən qurumlar ən son yeniliklərini nümayiş etdirir, işgüzar əlaqələr yaradılır, çoxsaylı müqavilələr imzalanır.

"Caspian Telecoms" Beynəlxalq konfrans və sərgisinə maraq ilbəil artır. Keçən il keçirilən tədbirdə 25 ölkədən 200 şirkətin 450 nümayəndəsi iştirak edib.

Forumun gündəliyinə bölgənin telekommunikasiya və İT sektorlarının liberallaşdırılması və özəlləşdirilməsində xarici sərmayəçilərin marağı, bu sahənin inkişaf perspektivləri və digər məsələlər daxil edilib.

Konfransda əsas məruzə ilə Türkiyənin nəqliyyat və rabitə naziri Binəli Yıldırım, "TeliaSonera" şirkətinin Avrasiya biznes bölümünün rəhbəri Erdal Durukan, "Fintur Holdings"in baş müdiri Serkan Elden və digər nüfuzlu dövlət və iş adamları çıxış edəcək.

"Fintur Holdings BV"-nin səhmlərinin 58,55 faizi "TeliaSonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti