...

Bakıda Trans-Asiya-Avropa fibrooptik magistralı layihəsi üzrə işçi qrupunun iclasının protokolu imzalanıb

Telekommunikasiya Materials 20 Aprel 2007 20:55 (UTC +04:00)
Bakıda Trans-Asiya-Avropa fibrooptik magistralı layihəsi üzrə işçi qrupunun iclasının protokolu imzalanıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Bu gün Bakıda Trans-Asiya-Avropa (TAA) beynəlxalq fibrooptik kabel magistralı üzrə işçi qrupunun iştirakçıları yekun protokol imzalayıblar. Bu barədə cümə günü Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Marketinq, beynəlxalq rabitə və hesablama şöbəsinin müdiri Hafiz Hacıyev bildirib.

Onun sözlərinə görə, protokol Azərbayacan, Türkiyə, Qazaxıstan, Almaniya, Fransa, Ukrayna, Gürcüstan və Özbəkistanın inzibati və telekommunikasiya operatorları nümayəndələrinin danışıqlarının yekunlarını özündə cəmləşdirib.

TAA Xəzər Seqmentinin hazırlanması üçün qabaqcıl texniki şərtlər müəyyən olunub.

"Şərtlər işçi qrupunun üzvü olan ölkələrin rəhbərlikləri tərəfindən analiz olunacaq",-deyə o bildirib.

Danışıqların və şərtlərin sonrakı taleyi ancaq 2-3 ay müddətində baş verənlərlə müəyyən olunacaq.

Hacıyev bildirib ki, TAA üzrə işçi qrupunun iclası aprelin 19-da başlayıb və əsas müzakirə mövzusu TAA Xəzər seqmentinin Siyəzən (Azərbaycan) - Aktau (Qazaxıstan) marşrutu üzrə çəkilməsi olub.

Şanxaydan Frankfurta qədər Xəzərin sualtı hissəsindən başqa TAA optik-lifli kabelinin bütün seqmentlərində tikinti işləri başa çatdırılıb və hazırda TAA üzrə informasiya ötürülməsi İran və Rusiya ərazisindən aparılır.

Ekspertlərin fikrincə, kabelin çəkilməsi qiyməti azaldacaq və Sərq-Qərb telekommunikasiya trafikinin həcmini artıracaq. Bu layihə həyata keçiriləcəyi təqdirdə Azərbaycan regionda əsas tranzit ölkəsi olacaq, Mərkəzi Asiya Azərbaycan vasitəsilə Türkiyə, öz növbəsində Azərbaycan, Türkiyə və Gürcüstan Qazaxıstan vasitəsilə Çinlə əlaqə imkanı qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti