...

Hindistan Orta Asiyada "dəhliz" yaradır

Siyasət Materials 15 Mart 2012 09:00 (UTC +04:00)
Hindistan karbohidrogenlərin idxal həcminə görə dünyada altıncı yerdədir. Təbii qazın satış bazarı isə Hindistanda durmadan inkişaf edir
Hindistan Orta Asiyada "dəhliz" yaradır

Arzu Nağıyev - Trend -in eksperti

Hindistan karbohidrogenlərin idxal həcminə görə dünyada altıncı yerdədir. Təbii qazın satış bazarı isə Hindistanda durmadan inkişaf edir.

Ölkənin Xarici İşlər Nazirliyində Mərkəzi Asiya və Qafqaz ölkələri ilə birgə layihələrdə Hindistanın əvəzsiz tərəfdaş kimi iştirak etməsi və fəaliyyətinin həyata keçirilməsinin araşdırılması məqsədilə xüsusi ekspertlərdən ibarət struktur yaradılıb.

Mərkəzi Asiyadan Hindistanın karbohidrogenlərlə müntəzəm təchizatını təmin etmək üçün boru kəməri sisteminin yaradılması zəruridir. 4,5 milyard dollar dəyəri olan və "Əsrin layihəsi" adlandırılan Türkmənistan-Əfqanıstan-Pakistan (TAP) "sülh kəməri"nin tikintisi bu üç ölkə arasında siyasi əlaqələrin gücləndirilməsinə yardım edərdi. Təhlükəsizlik baxımından Əfqanıstan ərazisində yarana biləcək problemlərə baxmayaraq, Pakistan bu layihədə Hindistanın iştirakını daha çox arzulayır və boru kəmərinin genişləndirilməsi nəticəsində onun rentabelliyinin artmasına çalışır. Hindistan isə Pakistanın Mərkəzi və Cənubi Asiyada istər enerji ticarəti ilə bağlı layihələrdə iştirakının, istərsə də ümumi təsirinin məhdudlaşdırılmasına çalışır.

Hindistan və Mərkəzi Asiya ölkələri arasında ticari və iqtisadi əməkdaşlıq üçün əsas maneə birbaşa nəqliyyat əlaqələrinin və ümumi sərhədlərin olmamasıdır.

Özbəkistanın razılığı əsasında Zəranj (Əfqanıstan) - Çahbehar (İranın liman şəhəri) avtomobil və dəmir yolunun çəkilişi planlaşdırılır. Əsas məqsəd isə Hindistanın və Özbəkistanın da müvafiq olaraq bu yollara çıxışını nəzərdə tutmaqdır. Bu yol vasitəsilə mövcud marşrut 1500 km azala bilər və İran neftinin Hindistana daşınmasını asanlaşdırar. Maraqlı faktlardan biri də Dehli və Tehran arasında İran neftinin rupi ilə ödənilməsi barədə razılığın əldə edilməsidir. Hindistan valyutasını isə İran ancaq Hindistan mallarının alınmasına sərf edə bilər, həmçinin Hindistan şirkətlərini öz ərazisində böyük layihələrin həyata keçirilməsinə cəlb edə bilər. Belə layihələrdən İran-Pakistan-Hindistan qaz kəmərinin çəkilməsi və ya Fars və Cənubi Fars neft-qaz yataqlarının işlənməsi layihələrində iştirakı misal gətirmək olar.

Hindistan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlıq etməklə istehsal etdiyi malların Rusiya Federasiyası, MDB ölkələri və daha sonra Avropaya daşınması üçün quru yol və ya "dəhliz" yaratmağa çalışır.

Eyni zamanda iqtisadi əməkdaşlıq çərçivəsində "Rusiya-Hindistan-Çin" biotexnologiya, neft-kimya, əczaçılıq, nəqliyyat infrastrukturu və enerji sahəsində əməkdaşlıq haqqında razılığa gəlinib. Mərkəzi Asiya dövlətləri də bu böyük layihələrdə mühüm rol oynayıblar.

Bundan başqa, Hindistanın "Jagson Oil Ltd" şirkəti Qırğızıstan iqtisadiyyatına 1 milyon dollar sərmayə yatırıb, özəl Hindistan sərmayəçiləri tərəfindən isə altı kiçik yanacaqdoldurma məntəqəsi tikilib.

Hazırda Xəzər dənizində "Kurmanqazı" neft yatağının işlənməsi ilə bağlı Qazaxıstan-Rusiya layihəsinə Hindistanın da qoşulması istiqamətində danışıqlar aparılır. Hindistan 30 il üçün nəzərdə tutulmuş bu layihəyə 1,5 milyard dollar sərmayə yatırmaq niyyətindədir (7-10 ildən sonra gəlir əldə oluna bilər). "ONGC-Videsh Ltd" şirkəti "Alibekmola" layihəsində 15% , "Kurmanqazı" layihəsində isə 10% pay sahibi olub.

Hindistan Özbəkistanın da neft və qaz sənayesinə sərmayə qoymağa hazır olduğunu bildirib və ölkənin qaz emalı sənayesinin bəzi sahələrində sərmayələr həyata keçirib.

Dehli üçtərəfli Hindistan-Rusiya-Tacikistan müqaviləsinə əsasən, Əfqanıstana humanitar yüklərin çatdırılması üçün istifadə edilən Düşənbə yaxınlığındakı Aini aviabazasının modernləşdirilməsində iştiraka nail olub.

Bundan yararlanan Dehli, həmçinin 1200 kilometrlik Tacikistan-Əfqanıstan sərhədində vəziyyətə nəzarət etmək imkanı qazanıb və İslamabadın Pakistan-Əfqanıstan sərhədindəki fəaliyyətini izləməyə müvəffəq olub.

Hindistanın xarici bazarda təkbaşına hərəkət etməsi getdikcə çətinləşir və az effekt verir. Bunu nəzərə alan Hindistan Ticarət Palatası və Sənayeçilər Federasiyası Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası ilə birlikdə MDB ölkələrinin 100-dən çox şirkətinin iştirakı ilə İstanbulda və Düşənbədə "Hindistan, Türkiyə və MDB" mövzusunda biznes forumlar keçirib. Tədbirlərin məqsədi Türkiyə və Hindistanın Mərkəzi Asiya bazarlarına birgə daxil olması üçün optimal yolların araşdırılması və Dehlinin neft və qaz ixracatçıları ilə əlaqələrinin köklü surətdə genişləndirilməsi olub.

Xəbər lenti

Xəbər lenti