...

Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan kitabın təqdimatı keçiriləcək

Cəmiyyət Materials 26 Yanvar 2012 16:38 (UTC +04:00)
Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın fevralın 12-13-də Azərbaycanda təqdimatı keçiriləcək.
Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan kitabın təqdimatı keçiriləcək

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir M.Əliyev/

Bakı 2020-ci il Olimpiya Oyunlarını keçirmək üçün hazırlanan "Sifariş kitabı"nın fevralın 12-13-də Azərbaycanda təqdimatı keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

Azərbaycan haqqında ətraflı məlumatları özündə əks etdirəcək "Sifariş kitabı"nda tək idman haqqında deyil, ölkənin ümumi iqtisadi, ekoloji durumu barədə də məlumatlar veriləcək.

Hüseynzadə deyib ki, hazırda kitabın hazırlanması istiqamətində işlər davam etdirilir.

O qeyd edib ki, "Sifariş kitabı" 2012-ci il fevralın 15-dək Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim olunmalıdır.

BOK tərəfindən məlumatlar 2 ay müddətində dəyərləndirilərək Azərbaycanın durumu ilə bağlı açıqlama veriləcək.

Beynəlxalq Olimpiya Komitəsi 2020-ci il Yay Olimpiya Oyunlarına Bakının namizədliyini təsdiq edib.

Azərbaycanda Bakının namizədliyi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsi üçün Bakı ilə yanaşı Madrid, Roma, Tokio, İstanbul və Qətərin paytaxtı Doha şəhəri də namizədliklərini irəli sürüblər. İlk təqdimat 2012-ci ilin fevral ayında baş tutmalıdır.

2012-ci ilin aprel ayında BOK-un İcraiyyə Komitəsinin iclasında 6 iddiaçı ölkədən hansının növbəti mərhələyə keçməsinə qərar veriləcək, həmin qərar isə rəsmi olaraq mayın 20-25-də Kanadanın Kvebek şəhərində elan olunacaq.

BOK ikipilləli seçimdən sonra 7 sentyabr 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayres şəhərində Olimpiadaya ev sahibliyi edəcək şəhərin adını açıqlayacaq.

Azərbaycanın Milli Olimpiya Komitəsi Bakının namizədliyini 2016-cı il Yay Olimpiya Oyunları üçün də irəli sürmüşdü. Lakin BOK 2016-cı ildə Olimpiadanın Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilməsini qərara alıb.

Xəbər lenti

Xəbər lenti