...

Azərbaycanın Prezident Administrasiyası rəhbərinin ədəbiyyatla maraqlanması və ciddi əsərlər gözləməsi müsbət hadisədir – xalq şairi

Nəzər nöqtəsi Materials 18 Dekabr 2009 17:15 (UTC +04:00)
Azərbaycanın xalq şairinin fikrincə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıçıların öz yaradıcılıqlarına daha tələbkarlıqla yanaşmalarını arzulayır. "Mehdiyevin müsahibəsində ciddi mübahisəyə səbəb olacaq heç bir məqam yoxdur. Onun ədəbi dilimizlə bağlı söylədikləri bu gün bizi də düşündürür. Mənə elə gəlir ki, Mehdiyevin fikirləri bu sahədəki problemlərin həllinə də dəstək ola biləcək", - cümə günü Trend News-a xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.
Azərbaycanın Prezident Administrasiyası rəhbərinin ədəbiyyatla maraqlanması və ciddi əsərlər gözləməsi müsbət hadisədir – xalq şairi

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın xalq şairi bildirib ki, Prezident Administrasiyası rəhbərinin ədəbiyyatla maraqlanması və ciddi əsərlər gözləməsi müsbət hadisədir.

Azərbaycanın xalq şairinin fikrincə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıçıların öz yaradıcılıqlarına daha tələbkarlıqla yanaşmalarını arzulayır. "Mehdiyevin müsahibəsində ciddi mübahisəyə səbəb olacaq heç bir məqam yoxdur. Onun ədəbi dilimizlə bağlı söylədikləri bu gün bizi də düşündürür. Mənə elə gəlir ki, Mehdiyevin fikirləri bu sahədəki problemlərin həllinə də dəstək ola biləcək", - cümə günü Trend -a xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

Trend -un arayışı: Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bu gün "Azərbaycan" qəzetinə müsahibəsində deyib ki, Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir.

Azərbaycanın Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təhsil və elm sahəsindəki problemlərə həsr olunan "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsi isə "Azərbaycan" qəzetinin dekabrın 8-dəki sayında çap olunub.

Rüstəmxanlının sözlərinə görə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində çap olunan həm məqaləsi, həm də bugünki müsahibəsi ədəbiyyatın, mədəniyyətin cəmiyyətimiz və dövlətimiz üçün nə qədər dəyərli olduğunu ortaya çıxarır. "Mehdiyevin açıqlamaları və kütləvi informasiya vasitələrindəki münasibətlərin özü də ədəbiyyat üçün müsbət bir hadisədir və ədəbiyyatın cəmiyyət üçün əhəmiyyətini bir daha təsdiqləyir", - xalq şairi əlavə edib.

Onun fikrincə, bu, çox ciddi hadisədir. "Amma eyni zamanda, Azərbaycanda tamamilə ədəbiyyatın olmadığını iddia etmək də doğru deyil. Müstəqilliyimizi bərpa edəndən sonrakı illərdə xeyli əsərlər yazılıb. Təəssüf ki, tirajın azlığı, xarici dillərə tərcümə olunmaması, əlifba islahatının aparılması və digər problemlər var. Nəticədə çox dəyərli əsərlər istər ölkə daxilində, istərsə də xaricdə bizim yazıçıların oxucularının azalmasına səbəb olub", - Rüstəmxanlı vurğulayıb.

Xalq şairi deyib ki, o özü 1988-1991-ci il hadisələri ilə bağlı "Xətai yurdu" adlı irihəcmli kitab yazıb. "Amma cəmi 500 nüsxə nəşr olunub. Tirajın az olması səbəbindən oxucuların hamısı kitabı əldə edə bilməyib. Bundan artıq tirajla nəşr etdirməyə isə mənim imkanım çatmır. Azərbaycanın türkçülük tarixi haqqında yazdığım "Göy tanrı", Cavadxan haqqında olan iki tarixi romanlarım da 500 nüsxə ilə çap olunub. Əgər bu əsərlər oxucuya çatmırsa nə o, nə də yazıçı günahkar deyil", - Rüstəmxanlı xatırladıb.

Onun sözlərinə görə, başqa yazıçı və şairlərin də oxunaqlı ədəbi əsərləri çap olunub. "Onların arasında cavan yazarlar da var. Amma bu əsərlər nə televiziyada təbliğ olunmur, nə oxucularla görüşlər keçirilmir, nə də ali məktəblərdə əvvəlki kimi ədəbi mübahisələr baş vermir. Son on ildə mənim bir kitabımın hansısa ali məktəbdə müzakirəsini keçirməyə şərait olmayıb. Hətta universitetlərdən birində hazırlıq görülüb, sonra deyiblər ki, məsləhət deyil. Orta məktəblərdə də bu cür müzakirələr keçirilmir", - xalq şairi bildirib.

Rüstəmxanlının fikrincə, televiziya kanallarında ədəbi əsərlərlə bağlı aparılan təbliğat azdır. "Belə olan halda yaxşı və pis əsərləri bir-birindən ayırmaq son dərəcə çətindir. Məncə, əsərlərimizin xarici dillərə tərcümə olunub yayılması üçün Tərcümə Mərkəzinə xüsusi vəsait ayrılmalıdır", - o qeyd edib.

Xalq şairi deyib ki, sifarişlə, hadisələrdən sonra bəzi əsərləri yazmaq olmur: "Bunun üçün müəyyən vaxt lazımdır. Əvvəlcə son 20 illik tariximizi nəzərdən keçirmək və obyektiv yanaşmaq lazımdır. Yazıçı isə bəzən tarixçilərin saxtalaşdırmağa cəhd etdiyi hadisələrin öz əsərində əks olunmasını istəyir. Yaxşı əsərin ortaya çıxması üçün bunlar çox vacib şərtdir", - Rüstəmxanlı deyib.

Onun fikrincə, Prezident Administrasiyasının rəhbərinin yazıçılardan ədəbi hadisəyə çevriləcək əsərlər gözləməsi, yazıçıların ictimai həyata daha sıx qoşulmasını istəməsi sevindiricidir. "Hətta bu tələbdirsə belə, Ramiz Mehdiyev yenə haqlıdır. Hesab edirəm ki, dövlət tərəfindən buna ehtiyac duyulursa, bunu müsbət hadisə kimi qiymətləndirmək lazımdır. Yazıçılar isə bu fürsətdən istifadə etməlidirlər", - xalq şairi deyib.

Rüstəmxanlı Prezident Administrasiyası rəhbərinin Yazıçılar Birliyinin 1500 üzvünün içərisində neçə nəfərin bütün xalqın hörmət və sevgisini qazanması ilə bağlı narahatlığını da bölüşür. "Bəli, Yazıçılar Birliyinin bu qədər üzvünün arasında təxminən 50 nəfərin bütün xalqın hörmət və sevgisini qazandığını söyləmək olar, yerdə qalanı tanınmır", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti