...

Rəfsəncani aradan götürüləcəkmi?

Nəzər nöqtəsi Materials 12 Yanvar 2010 09:00 (UTC +04:00)
İran iqtisadiyyatı, bazarı və biznesində ən böyük nüfuzu olan konservativ İslam Birliyi Partiyasının Baş katibi Məhəmməd Nəbi Həbibi yanvarın 5-də ex-prezident Haşimi Rəfsəncaninin hesabını “fitnə liderləri” adlandırdığı Mir Hüseyn Musəvi və Mehdi Kərrubidən fərqləndirib.
Rəfsəncani aradan götürüləcəkmi?

Trend -un Fars redaksiyasının rəhbəri Dalğa Xatınoğlu

İran iqtisadiyyatı, bazarı və biznesində ən böyük nüfuzu olan konservativ İslam Birliyi Partiyasının baş katibi Məhəmməd Nəbi Həbibi yanvarın 5-də eks-prezident Haşimi Rəfsəncaninin hesabını "fitnə liderləri" adlandırdığı Mir Hüseyn Musəvi və Mehdi Kərrubidən fərqləndirib.

İranda hakimiyyətyönlü radikal qüvvələrinin, ölkəninn 30 il müddətində davamlı şəkildə ikinci şəxsiyyəti kimi tanınan Rəfsəncaniyə və onun ailəsinə hücumu, digər tərəfdən isə, reformistlər, habelə konservativlərin bir qisminin onu dəstəkləməsi belə bir sual yaradır ki, Rəfcəncaninin hazırkı çəkisi nə qədərdir və onun siyasi talei necə olacaq?

Haşimi Rəfsəncani adı ilə tanınan Əkbər Behrəmani İranın sabiq dini lideri İmam Xomeyninin baş müşaviri və birinci dini şəxsiyyət idi ki, Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyətinin devrilməsindən üç ay sonra, mollaların siyasətdə iştirak edəcəyini bildirib, dini hakimiyyət yaratmaq üçün İslam İnqilab Partiyasının yaradılacağını elan etmişdi. Hansı ki, Xomeyninin o tarixədək verdiyi bəyanatda, belə bir fikir göstərilməmişdi.

Hazırda Əhmədinejadın radikal tərəfdarları və hətta, təhlükəsizlik naziri Heydər Müslihi tərəfindən "fitnə başçıları" ilə əməkdaşlıqda ittiham olunan Rəfsəncani, bir zaman İmam Xomeyninin ölüm xəbərinin yayılmasından bir neçə saat sonra, dərhal Dini Ekspertlər Şurasını toplayıb, Əli Xamneyini dini lider seçib. 30 il spiker, daxili işlər naziri, prezident, Məsləhət Şurasının rəhbəri və Ali Dini Şurası, həmçinin, Ali rəhbəri vəzifədən uzaqlaşdıran, yaxud vəzifəyə təyin edən Dini Ekspertlər Şurasının rəhbəri vəzifəsində çalışan Haşimi Rəfsəncani ilə yeni nəsildən hesab olunan Əhmədinejadın arasında olan güc yarışmasınıda kimin qalib gələcəyini demək çətindir. Burada, Xameneinin də hansı cinahı dəstəkləməsi, İranda xalqın hakimiyyətə mənfi münasibəti və Əhmədinejadın rəhbərlik etdiyi hökümətin içində parçalanmalar və hamısından önəmli İslam İnqilab Keşikçillərinin (Sepah və Bəsic) rolu ölkənin taleini müəyyənləşdirəcək.

Baxmayaraq ki, Xamneyi prezident seçkilərindən sonra yaranmış narazılıqlara reaksiya olaraq cümə namazında verdiyi bəyanatda "Əhmədinejadın fikirlərinin ona daha yaxın olduğunu" bildirib, eyni zamanda, Rəfsəncaniyə qarşı aqressiv hücumları da pisləyərək, onun "sədaqətli və ömür boyu islam inqilabına vəfalı olduğunu" vurğulayıb. Rəfsəncani isə, dəfələrlə Xamneyinin "Vəli Fəqih" olduğunu vurğulayaraq, onun davamçısı və tabei olduğunu elan edib.

Rəfsəncaninin ən önəmli mesajı iki ay bundan əvvəl Məşhəd şəhərində idi. O, ölkədə həmrəylinin yaranmasının vacibliyini vurğulayaraq, "milli birlik" layihəsini tədim edib, hansı ki, bu layihəyə, müxalifətin yüzlərlə üzvunun azadlığa buraxılması daxil idi. Digər tərəfdən, o, "ölkədəki böhran"da Xamneyinin rolu olmadığını vurğulayıb: "Həbslər, repressiyalar və (hakimiyyətin) radikal hərəkətləri Xamneyinin izni yaxud tapşırığı ilə deyil",- deyə, Ali dini rəhbərə bəraət qazandırmağa çalışmışdı. Əlbəttə, bu sözlərdə müəyyən dərəcədə reallıq da mövcuddur. Nümunə üçün, hazırda şəxsi geyimlə batom, silah və digər təchizat vasitəsilə mitinqlərə hücum edən dəstələrin həqiqətən də birbaşa dini rəhbərdən əmr aldıqları məlum deyil.

Bunu xatırladım ki, reformistlərin lideri olan sabiq prezident Məhəmməd Xatəminin prezidentlik dövrüddə də həmin şəxsi geyimlər və hərbi təchizata malik olan qüvvələr Tehran Universitetindəki qanlı mitinqləri susdurmaqda, həmçinin Xatəminin hakimiyyətini süquta uğratmaqda cəhdləri varidi, hansı ki, dərhal Xameni cümə namazında birmənalı şəkildə Xatəmini müdafiə etmişdi və qalmaqalı yatırmışdı.

Keçmişdən fərqli olaraq, hazırda militar qüvvələr, xüsusilə də Sepahın hakimiyyətdə nüfuzu qat-qat artıb və Xamneyi bir daha ortaq mövqe tutmaq, yaxud Hakimiyyəti tənqid etməkdə riskə hazır deyil. Əhmədinejadın höküməti vasitəsilə milyardlar dollar məbləğində neft, qaz, tikinti, ixrac-idxal və digər sahələrdə müqavilə bağlamış Sepah təşkilatı birmənalı şəkildə Əhmədinejadı dəstəkləyir. Xamneyi isə, Xomeyni qədər xalq və dini alimlər arasında xarizmaya malik olmadığı üçün, həmin Sepaha söykənmək məcburiyyətindədir.

Hakimiyyətin xalq dəstəyini itirdiyi və Sepaha söykəndiyi bir halda, Xamneyinin ənənəvi dini qüvvələrlə radikal hərbi qüvvələr arasında hansı cinahı dəstəkləyəcəyi məlum deyil. Nə xalqın hakimiyyətə qarşı üsyanı və devrilməsi məlumdur, nə də hakimiyyətin böhrana qalib gəlməsi. Hər halda, təəccüb edici budur ki, xalq bir daha radikal hərbçilərin şərrindən qurtulmaq üçün, 30 il bundan əvvəlki ənənəvi dini qüvvələrə sığınır, hansı ki, əvvəlcədən, ölkəni böhrana sürükləməkdə onların əsas rolu olub və siyası sınaqlardan uğurla çıxa bilməyiblər.

Xəbər lenti

Xəbər lenti