...

Azərbaycan Prezidenti 22 iyul tarixli sərəncamı ilə jurnalistlərə 135 illik yubileydə ən böyük hədiyyəsini təqdim etdi - Sevil Yusifova

Nəzər nöqtəsi Materials 26 İyul 2010 18:45 (UTC +04:00)
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova
Azərbaycan Prezidenti 22 iyul tarixli sərəncamı ilə jurnalistlərə 135 illik yubileydə ən böyük hədiyyəsini təqdim etdi - Sevil Yusifova

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova

Azərbaycan milli mətbuatı 135 ildə böyük təkamül yolu keçib. Bir neçə formasiyalardan əzilərək, təqiblərə məruz qalaraq, lakin bugünkü günümüzə qədər gəlib çıxan milli mətbuat hər dövrdə bir missiyanın daşıyıcısına çevrilib. Keçən əsrin əvvəllərində fəaliyyət göstərən mətbuatımızın inkişafına maarifpərvər ziyalılar öz töhfələrini verib və onlar öz məktəblərini yaradıblar.

Milli oyanış hərəkatının məşəli olmuş "Əkinçi" qəzeti özündən sonra neçə-neçə qəzet və jurnalların həyata vəsiqə almasına təkan verib, yol göstərib.

Məfkurə adamı olan Həsən bəy məxsus olduğu millətinin adının millətlər cərgəsində yazılması üçün mücadilə aparıb. İşıqlı beyninin nuru cəhaləti nurlandırıb. Mövhumatın və savadsızlığın hökm sürdüyü dövrdə gördüyü işdən yorulmamaq və öz cibinin pulu ilə qəzet nəşr edib onu çevrəsindəkilərə çatdırmaq və işıq ucu görünməyən toplumda bu işləri davamlı sürətdə həyata keçirmək insandan böyük əzmkarlıq, millətinə vurğunluq, bağlılıq tələb edən məsələlər idi. Bu xüsusiyyətləri məhz bəy nəslindən olması, genlərinin kodu diqtə edə bilərdi. Buna görədir ki, Həsən bəy bütün ömrünü xalqının maariflənməsinə, işıqlı gələcəyə çıxmasına sərf etdi. O, sözün əsl mənasında kişi kimi yaşadı.

Həsən bəy Zərdabidən bizə miras qalan media müstəqillik qazandığımız illərdən bu günə kimi özünəməxsus inkişaf yolunu qət edir.

Etiraf edək ki, hər 10-15 ildən bir yeni ənənələrə meyillilik mətbuatda özünü büruzə verib. 1990-cı illərdə 90 min, 60 min tirajla nəşr edilən qəzetlərin tirajı yüksəlmə tempi ilə deyil, enmə ilə müşahidə olunub. Azərbaycan oxucusu etibarlılıq və güvən axtarışına çıxdıqca qəzetlərin tirajı aşağı düşüb, reklam bazarı da dar çərçivəyə salınıb. Bir tərəfdən də işsizlərin jurnalistikaya çörək pulu qazanmaq mənbəyi kimi baxmaları medianın ciddiliyinə kölgə salıb.

Dəyərlərin dəyişməsi jurnalist peşəsinin imicini aşağı salmağa başlayıb. "Mən jurnalistəm sözünü" fəxrlə deyənlər qeyri-peşəkarlarla eyni peşənin sahibi olduğuqlarından utandıqlarını dilə gətirməyə başlayıblar (həmkarlarımın yazılı mətbuatdakı müsahibələrinə əsasən bunu qeyd etdim).

Ancaq unutmayaq ki, mətbuatda çalışan bu adamlar öz fəaliyyətləri ilə cəmiyyətdə hökümət və ictimaiyyət arasında, müxtəlif təbəqələr arasında körpü rolunu oynayırlar. Xəbəri dürüst, sadə, anlaşıqlı, hər kəsin başa düşdüyü dillə çatdıran jurnalistlərimiz Zərdabi məktəbinin ənənələrinin davamçısı olaraq yazıb yaradırlar.

Zərdabidən bizə miras qalan maarifçilik ənənələrini təəssüf ki, bugünkü Azərbaycan mətbuatı unudub. Və ya az hallarda buna müraciət edir.

Maarifçilik işlərini aparmağın kökündə məhz millətini sevmək və sevdiyin millətin uğrunda fədakarlıq nümayiş etdirmək durur. Sosial məsuliyyəti olan insanlar bu ağır yükü çiyinlərinə ala bilərlər. Bu fədakarlığı bəzən müasir insan qəbul etmir və ya buna sadəlövhlük kimi baxır... Qəpik-quruşla ömrünü bu peşəyə bağlayan, piyada işə tələsən, şəraitsiz evlərində toplumu və xalqını düşündürən məsələləri gündəmdə saxlayan həmkarlarımı görəndə sevinirsən ki, hələ Zərdabilərimiz var. Hələ qonorara deyil, vicadanının sakitliyi və ruhunun rahatlığı üçün çalışan jurnalistlərimiz yox deyil.

Maddi sıxıntılara qatlaşan, cəmiyyətdə birmənalı qarşılanmayan jurnalistlərimizin, çox vicdanlı və şərəfli ömür yolu keçən qələm dostlarımızın xidmətləri hesabına bu gün milli mətbuatımız ayaqdadır. Öz peşəsinin vurğunu və fanatı olan jurnalistlər, alın təri ilə çalışan qələm sahibləri bütün məhrumiyyətlərə baxmayaraq, ictimai vəkilliklərini davam etdirirlər... Biz jurnalist qurumu olaraq onların rifahı üçün çalışmalıyıq.

Son bir ildə Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuatın inkişafında bir çox xidmətləri olub. İstər təşkilatlar üçün elan edilən layihələr, istərsə də fərdi yazılar üçün müsabiqələr jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edib. Bu tip müsabiqələrin, əsasən də fərdi jurnalist yazıları müsabiqələrinin keçirilməsi jurnalistlərin həm öz üzərilərində işləmələrinə, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılmasına şərait yaradıb.

Ötən dövr ərzində Fondun fəaliyyəti ilə mətbuatın inkişafında yeni bir dövr başlayıb.

Dövlət tərəfindən yürüdülən media siyasətinə uyğun olaraq biz - Jurnalist Qadınlar Assosiasiyası 135 illik yubiley ərəfəsində mətbuat əməkdaşlarının mənzil məsələlərini gündəmə gətirib aidiyyəti orqanlara çatdırmaq üçün qapıları döyməkdən yorulmadıq. Və əlbəttə, gördüyümüz əməyin, zəhmətin qarşılığını gördük.

Dövlət başçısının 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələn müddəalar AJQA-nın iyun-iyul ayları üçün fəaliyyət planını qurmağa təkan verdi. Bu sərəncamla tanış olduqdan sonra mən çox inanırdım ki, dövlət başçısı bizə - 135 yaşını qeyd edən milli mətbuat nümayəndələrinə öz sürprizini bəxş edəcək. Deyirlər ki, qadınlarda səkkizinci hiss olur. Ona görə də bayram gününə kimi dövrü mətbuatda çıxışlar edib aidiyyəti qurumlara öz ismarıclarımızı bildirirdik ki, bizim təkliflər dövlət başçısına çatdırılsın.

İsti yay günləri həmkarlarımızı birliyə səsləyib "birlikdə mənzil məsələsinin həllinə nail olaq" deyib tədbirlər keçirəndə də görəcəyimiz işin sonunun xeyirlə nəticələnəcəyinə inam hissi bir an belə məni tərk etmədi. Mənə sual verən müxbirlərə də bu cür cavab verirdim: "Mən ümid edirəm ki, dövlət başçısı biz jurnalistlərin rəsmi müraciətinə müsbət cavab verəcək". Mən buna inanmasaydım, heç iyulun 16-da "RİA Novosti"nin akt zalında həmkarlarımın və millət vəkillərinin iştirakı ilə "dəyirmi masa" təşkil edib mənzil məsələsinin həlli yollarını müzakirə etməzdik.

Doğrusu, bu inam tam və güclü olmasaydı o zaman bizə, bu işdə jurnalistlərə mənəvi dəstək olanlara ağız büzənlərin, "bu müraciətin nəticəsi olmayacaq" deyənlərin pessimist notları ilə köklənib 44 dərəcə istidə, bayrama az qalıb deyərək qaça-qaça Prezident Administrasiyasına tanınmış, cəmiyyətdə hörmətlə qarşılanan jurnalistlərin imzaları ilə müraciətimizi çatdırmazdım. Sanki daxili inam bu yolda irəli, yalnız irəli deyirdi.

Sözsüz ki, ən böyük dəstək məhz Prezident cənab İlham Əliyevdən gəldi. Biz jurnalist qadınlarda belə inam vardı ki, Prezident inkişaf edən və daim yeniləşən Azərbaycanın vətəndaşları olan, özü də şərəfli vətəndaşları olan jurnalistlərin bügünkü durumuna göz yummayacaq. Necə ki, o, bizim bu vəziyyətdən çıxmağımız üçün siyasi iradə göstərdi. O, aşağıdan, cəmiyyətin aztəminatlı ziyalı təbəqəsi olan jurnalistlərdən gələn təklifə reaksiya verdi. Çünki cənab İlham Əliyev yaxşı bilir ki, hər bir ölkənin mətbuatı onun güzgüsüdür. İnsanların rifahı yüksəlirsə, demək mətbuatın durumu da bu yüksəlişdən bəhrələnməlidir. Ola bilməz ki, respublikamızın iqtisadi göstəriciləri dünyanın aparıcı dövlətlərinin iqtisadi göstəricilərinə çatsın, amma onun jurnalistləri məişət problemlərinin içində boğulsun, itib-batsın. Dünyanın hər yerində jurnalist orta sosial təbəqəyə məxsusdur.

Və bu gün Azərbaycanda da belə bir zərurət yaranmışdı ki, mətbuatda külüng döyənlər orta təbəqə sırasına qaldırılsın. Cəmiyyətin problemlərini üzə çıxaran, hakimiyyətin dördüncü qolu olan KİV əməkdaşları öz problemlərinin həllinə nail olmaq üçün həmrəylik göstərməli idi. Az-çox dərəcədə bu həmrəyliyə qısa zaman kəsiyində nail olduq. Mənzil məsələsinin dövlət tərəfindən həll olunması ideyamızı bir çox tanınmış şəxslər dəstəklədi. Yaşar Əliyev, Elçin Hüseynov, Qabil, Gülnarə Məmmədzadə, Elçin Mirzəyev, Arzu Şirinova, Pərvanə Sultanova, Cəmaləddin Quliyev, Natiq Məmmədov, Elşad Eyvazlı, Sərkərdə, İlham Quliyev, Almaz Ülvi və adını çəkə bilmədiyim onlarla jurnalistlər.

Hər çəkilən zəhmətin, əməyin diqqətdən kənarda qalmaması üçün etiraf edək ki, bu imzaların, simaların müraciətlərini, ömrünü mətbuata həsr etmiş Azərbaycan vətəndaşlarının problemlərini cənab Prezidentə çatdıran, məruzə edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin də bu işdə əməyi böyükdür. Hər dəfə jurnalistlərlə görüşəndə, müsahibə verəndə "bayram günü sizə böyük sürprizlərimiz olacaq" deyən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov da illər boyu qələm əhlinin səsləndirdiyi sosial problemlərin həllini tapması istiqamətində apardığı fəaliyyəti ilə jurnalistlərin yanında oldu.

22 iyul 2010-cu ildə "Gülüstan" sarayında Prezident İlham Əliyevin sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "...mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrılsın..." ifadəsini bitirməyə imkan tapmamış onun cümlələri media mənsublarının sürəkli alqışları ilə qarşılandı. Bu alqışlar illər uzunu bu xəbəri gözləyən həmkarlarımın sevinc ifadələri idi. Həsrətin bitdiyi an idi. Cənab Prezidentin jurnalistikamızın inkişafı üçün ən böyük töhfəsi idi.

Cənab Prezident vətəndaşının qeydinə qaldı. Və öz ədalətli qərarı ilə qəlbləri fəth etdi. Prezident öz vətəndaşlarının sosial qayğılarına həssas yanaşdı və tarixi gündə tarixi qərarı ilə tarix yazdı.

Milli mətbuat tarixində ilk dəfə olaraq dövlət mətbuat nümayəndələri üçün mənzil tikintisinə start verdi. Prezidentin imzaladığı sərəncamla onlarla insanın problemi həllini tapdı.

Kirayələrdə qalan, 50 yaşını haqlamış və ya bu yaşı aşmış, artıq ümidi üzülmüş abırlı həmkarlarım böyük stimul aldı. Onların gözlərinə parıltı çökdü. Yorğun, tükənmiş həmkarlarım bundan sonra işləməyə güc tapacaqlar.

22 iyul sərəncamı gələcəyə inamı artırdı.

Təşəkkür edirik, cənab Prezident!

Çox sağ olun ki, Siz 22 iyul tarixli sərəncamınızla milli mətbuatımızın yaranmasının 135 illik yubileyində jurnalistlərə ən böyük müjdə verdiniz!

Xəbər lenti

Xəbər lenti