...

İsrail-Türkiyə münasibətləri öz əksini İraqda tapacaq

Nəzər nöqtəsi Materials 12 Sentyabr 2011 13:07 (UTC +04:00)
İsrailin yaxın müttəfiqi olan Misirdə hakimiyyətin devrilməsindən sonra hərbiçilərin dövlətin izlədiyi xarici siyasi kursu davam etdirəcəklərini söyləmələrinə baxmayaraq, ölkədə baş verən bəzi hadisələr buna şübhə ilə yanaşmağa əsas verir.
İsrail-Türkiyə münasibətləri öz əksini İraqda tapacaq

Rufiz Hafizoğlu, Trend-in Yaxın Şərq redaksiyasının rəhbəri

İsrailin yaxın müttəfiqi olan Misirdə hakimiyyətin devrilməsindən sonra hərbiçilərin dövlətin izlədiyi xarici siyasi kursu davam etdirəcəklərini söyləmələrinə baxmayaraq, ölkədə baş verən bəzi hadisələr buna şübhə ilə yanaşmağa əsas verir.

Əslində müxtəlif şüarlarla "bəzədilən" Misir inqilabı siyasi dairələrdə tam olaraq öz əksini tapmamışdı. Çünki inqilabdan sonra gözlənilən ciddi kadr islahatı olmadı. "İnqilabçılar" bu səhvi düzəltmək üçün Qahirədə "Keçmişi islah edək" şüarı altında cümə namazı qıldılar, namazdan sonra Tel-Əviv-Ankara diplomatik əlaqələrinin, demək olar ki, kəsilməsindən ilham alaraq İsrail səfirliyinə hücum etdilər və axşam saatlarında səfirliyi ələ keçirdirlər.

İnsidentdən sonra İsrail-Misir əlaqələrinin tam olaraq pozulacağı gözlənilsə də, Baş nazir Benyamin Netanyahu verdiyi açıqlamada bildirdi ki, səfirliyə edilən hücumun ölkələr arasında sülhə zərbə olduğuna baxmayaraq, Misirlə bundan sonra da sülh şəraitində yaşamağa davam edəcəklər.

Əslində İsrail hökuməti birmənalı olaraq bilir ki, Misirlə əlaqələrin kəsilməsi ciddi müttəfiqin itirilməsi və Tel-Əviv üçün təhlükə olan "Həmas"a nəzarətin əldən çıxması ilə nəticələnə bilər.

Digər tərəfdən, Qahirə-Tel-Əviv münasibətlərinin pozulması yaxınlaşmaqda olan Qahirə-Ankara əlaqələrini daha da dərinləşdirə bilər. Bu isə regionda baş verən proseslərdən, demək olar ki, küncə sıxılmış İsrail üçün sonun başlanması deməkdir.

Bütün bunlar bir daha sübut edir ki, Misir-Türkiyə əlaqələrinin inkişafı və Türkiyə-İsrail münasibətlərinin pisləşməsi fonunda ərəb dünyasındakı strateji müttəfiqlə əlaqələrin kəsilməsi İsrailin maraqlarına ziddir.

Misir-İsrail münasibətlərinin gələcəkdə normal davam edəcəyi də inandırıcı deyil. Çünki Misirdə real qüvvə olan "Müsəlman qardaşlar" və onun siyasi qolu Azadlıq və Ədalət Partiyası Tel-Əvivlə münasibətlərinin kəsilməsini istəyirlər.

Misirdə noyabrda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin baş tutub-tutmayacağına gəlincə isə, böyük ehtimalla seçkilər baş tutmayacaq və hakimiyyətdə yenə də hərbiçilər qalacaqlar. Seçkilərin baş tutmaması isə, ilk növbədə, İsrailin marağı daxilindədir. Çünki parlament seçkiləri baş tutsa, şübhəsiz, seçkilərdə Tel-Əvivin bir nömrəli düşməni "Müsəlman qardaşlar" qalib gələcək.

Bir çox sahələrdə, xüsusən də hərbi sahədə müttəfiq olmuş Ankara-Tel-Əviv əlaqələrinə gəlincə isə, bu münasibətlər yenidən əvvəlki həddə yüksəlməyəcək.

Bir çox siyasi analitiklər hesab edirlər ki, Türkiyə-İsrail münasibətləri sırf "Azadlıq donanması"na edilən hücuma görə deyil, eyni zamanda, Türkiyə kəşfiyyatının əldə etdiyi məlumata əsasən, İsrailin İraqın şimalındakı PKK terror təşkilatı ilə əməkdaşlıq etməsinə görə bu həddə çatıb.

Məhz bu səbəbdən, diplomatik münasibətlərin pozulmasından sonra gündəmə gələn mövzulardan biri də PKK məsələsi oldu.

Hətta İsrail mətbuatı Anakara ilə diplomatik əlaqələrin kəsilməsindən sonra İsrail hökumətinin Türkiyəyə təzyiq vasitəsi kimi kürd məsələsindən istifadə edəcəyi barədə məlumat yaydı.

Təbii olaraq, İsrail XİN-in rəsmisi Aviqdor Liberman xəbəri təkzib edərək bildirdi ki, hökumətin belə bir planı yoxdur və bu məsələni əsla müzakirə edilmir.

Hadisələrin fonunda Türkiyə XİN-in müşaviri Firuddin Sınırlıoğlunun İraqa səfəri diqqətdən qaça bilməzdi. XİN müşavirinin İraq səfəri isə, birmənalı olaraq, PKK məsələsinin müzakirəsi ilə əlaqədar idi.

Əslində Ankara İraqın şimalındakı kürd amilinin Türkiyə üçün nə qədər ciddi olduğunu yaxşı bilir.

İraq rəsmiləri dəfələrlə ölkənin şimalında Kürdüstan dövlətinin qurulmayacağını israrla söyləsələr də, de-fakto, bu dövlət pul vahidi istisna olmaqla, digər dövlət atributları ilə mövcuddur.

Böyük ehtimal ki, Türkiyə-İsrail münasibətlərinin ikinci plana keçməsi bu və ya digər şəkildə İraqda da öz əksini tapacaq.

Xəbər lenti

Xəbər lenti