...

Türkiyə Fələstin-İsrail danışıqlarında yeni ünvandır

Nəzər nöqtəsi Materials 23 Aprel 2013 12:57 (UTC +04:00)
Türkiyə Fələstin-İsrail danışıqlarında yeni ünvandır.
Türkiyə Fələstin-İsrail danışıqlarında yeni ünvandır

Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri

Türkiyədə son günlər ən çox müzakirə olunan mövzulardan biri də Türkiyə hökuməti ilə İsrail arasında 2010-cu ildə yaşanan "Mavi Mərmərə" böhranının qurbanlarına İsrail tərəfindən təzminat verilməsi məsələsidir.

Təzminatın ödənilməsi üçün aprelin 21-də İsrailin nümayəndə heyəti Ankara gələrək Türkiyə XİN nümayəndələri və bu ölkənin Baş nazirinin müavini Bülənt Arınç ilə danışıqlar apardılar.

Keçirilən danışıqlardan sonra Arınç verdiyi açıqlamada təzminat məsələsində razılıq əldə edildiyini, lakin təzminatın miqdarının açıqlanmayacağını bildirdi.

Türkiyə rəsmiləri əldə edilən razılaşmanı ölkə diplomatiyasının zəfəri kimi qiymətləndirmələrinə baxmayaraq, ölkə daxilində bu qələbənin ABŞ-ın dəstəyi ilə əldə edildiyini düşünənlər də az deyil.
Bir çox siyasi analitiklər İsrailin bu qərarının çarəsizlikdən və regionda təklənmə təhlükə ilə üz-üzə qaldığından dolayı atdığını və İsrail rəsmilərinin Suriyanın gələcəyini Türkiyə ilə müzakirə etdiyini də istisna etmirlər.

Bu gün İsrail-Türkiyə münasibətlərinin əvvəlki səviyyədə olmadığı, rəsmi Təl-Əvivin ən yaxın müttəfiqi olan Misirdə hakimiyyət dəyişikliyi yaşandığı nəzərə alınsa, İsrailin bu addımı məntiqəuyğun görünə bilər.

Lakin Türkiyə tərəfinin Suriyanın gələcəyini İsraillə müzakirə edəcəyi bir o qədər də inandırıcı deyil.

Bu gün regionda Türkiyənin bir çox sahələrdə apardığı siyasət gözdən keçirilsə, İsrailin təzminat ödəməyə razılaşması, əslində bir o qədər də mahiyyət kəsb etməyən məsələdir və Türkiyə rəsmiləri bunu yaxşı bilirlər.

Digər bir tərəfdən isə əlaqələrin bərpa edilməsi üçün atılan addımların dövlətlərarası əlaqəni əvvəlki səviyyəyə gətirəcəyi də real deyil.

2010-cu ildən bu günədək İsrail-Türkiyə münasibətlərini nəzərdən keçirdikdə, hazırda Ankaranın qarşısında olan əsas hədəflərdən birinin Qəzzanın blokadasının aradan qaldırılması olduğu görünür.

Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğanın Qəzzaya nəzərdə tutulan səfərini məhz bu istiqamətdə atılan addım kimi qiymətləndirmək olar.

Artıq Türkiyənin hakim partiyasının Yaxın Şərq siyasətinin ərəb dünyasında Ankaranın nüfuzunu artırmaq üçün yürütdüyünü iddia etmək inandırıcı deyil. Bir vaxtlar buna ehtiyac var idisə, hazırda bu istiqamətdə addımların atılmasına demək olar ki, heç bir zərurət yoxdur.

Ən azından ona görə ki, ərəb dövlətləri Ankaranın regionda yürütdüyü siyasətə heç də birmənalı yanaşmırlar. Digər tərəfdən, Ərdoğanın Qəzzaya səfəri baş tutsa belə, İsraillin bu səfərdən sonra blokadanı ortadan qaldıracağı qətiyyən inandırıcı deyil.

Hadisələri diqqətlə izlədikdə, Ankaranın bütün imkanlardan istifadə edərək İsraili özündən asılı vəziyyətə salmaq olduğu aydın şəkildə bəlli olur.

Ehtimallar onu söyləməyə əsas verir ki, Türkiyə yaxın vaxtlarda Yaxın Şərq siyasəti nəticəsində bir vaxtlar olduğu kimi, öz vasitəçi missiyasını bərpa etməyə çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti