...

Akif Əlizadə: Zoologiya elminin qarşısında yeni problemlər dayanıb

Nəzər nöqtəsi Materials 23 Noyabr 2016 11:59 (UTC +04:00)
Bu gün zoologiya elminin qarşısında yeni problemlər dayanıb.
Akif Əlizadə: Zoologiya elminin qarşısında yeni problemlər dayanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün zoologiya elminin qarşısında yeni problemlər dayanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Zoologiya İnstitutunun 80 illik yubiley mərasimində çıxış edərkən deyib.

Azərbaycanda zooloq alimlərin bir sıra yeni istiqamətlər üzrə araşdırmalar aparmasını vacib sayan A.Əlizadə deyib ki, molekulyar zoologiya üzrə tədqiqatların aparılması ən önəmli məsələlər sırasında olmalıdır:

"Azərbaycanda innovasiya elmi bir qədər də geniş inkişaf etməlidir. Artıq klassik zoologiya elminin zamanı keçib. Təbiət elmlərinin istiqamətləri zamanın tələblərinə uyğun dəyişməlidir. Zoologiya elminin molekulyar səviyyədə inkişafı nəzərdə tutulur. Heyvanlar üzərində gen səviyyəsində tədqiqatların aparılması və digər istiqamətlərin inkişafı nəticəsində Azərbaycan elminin gələcək inkişafına nail olmaq olar".

Zoologiya elminin tarixinin öyrənilməsi istiqamətində işlərin artırılmasını vacib sayan akademik deyib ki, Zoologiya İnstitutu Azərbaycanın ilk elmi-tədqiqat institutlarından biridir:

"Ölkəmizin elm tarixində müstəsna xidmətləri olan bu institut zoologiyanın müxtəlif sahələrində elmi potensialın yaradılmasında mühüm rol oynayıb. Zoologiya İnstitutu hazırda dövlət siyasətinin mühüm prioritetlərindən biri olan elmin inkişafında yaxından iştirak edir, milli zoologiya elminin dünya elminə inteqradiyası üçün müasir dövrün tələbləri səviyyəsində strukturun yaradılmasına çalışır. Biz bu gün bildiririk ki, elmi tədqiqatlar multidisiplinar istiqamətlər üzrə aparılmalıdır. Zoologiya elmi bu gün multidisiplinar inkişafını təmin etməkdədir".

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, son dövrlərdə zoologiya elmi qarşısında qoyulan tələblər tamam fərqlənir:

"Biz tətbiqi zoologiyadan, ekozoologiyadan çox müsbət nəticələr gözləyirik. Zoologiyanın əldə etdiyi nəticələr bizə yeni imkanlar verəcək. İrsi qan və digər xəstəliklərinin həlli üçün də zoologiyadan yeniliklər gözləyirik".

AMEA Zoologiya İnstitutunun 80 illik yubileyi ilə bağlı keçirilən tədbirdə İnstitutun direktoru Elman Yusifov deyib ki, Zoologiya İnstitutunda aparılan çoxillik tədqiqatlar nəticəsində Azərbaycan heyvanlar aləminin növ tərkibi öyrənilib.

Direktorun sözlərinə görə, ötən 80 il ərzində institut tərəfindən 2000 növdən artıq sərbəst yaşayan və parazit ibtidai, insanlarda və heyvanlarda parazitlik edən 1500 növdən çox helmint, 360 növdən çox xərçəngkimilər, təqribən 25 min növ həşərat, 1200 növdən artıq hörümçəkkimilər, 101 növ balıq, 11 növ suda - quruda yaşayan, 54 növ sürünən, 370 növ quş, 113 növ məməli heyvan müəyyən edilib:

"İnstitutun perspektiv planında heyvanlar aləminin bioloji müxtəlifliyinin araşdırılması, zəif tədqiq edilmiş heyvan qruplarının öyrənilməsi, təsərrüfat əhəmiyyətli nadir və nəsli kəsilmək təhlükəsi olan növlərin biologiya və iqtisadi cəhətdən faydalı heyvanların çoxalma texnologiyasının hazırlanması, müxtəlif təbii komplekslərdə mənfi antropogen təsirin güclənməsi şəraitində heyvanların yayılma, say, ekoloji və davranış xüsusiyyətlərinin tədqiqi, birbaşa praktik əhəmiyyəti olan və dövlət proqramlarının tələbinə cavab verən tədqiqatların genişləndirilməsi, gənclərin işə cəlb olunması üçün şəraitin yaradılması, yeni tədqiqatları üçün yüksək ixtisaslı kadrların yetişdirilməsi məsələsi durur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti