...

Deputat: Bəzi aparıcı dövlətlərin Ermənistanın işğalçı siyasətini dəstəkləməsi ermənilərin təxribat törətməsinə şərait yaradır

Nəzər nöqtəsi Materials 5 İyul 2017 16:08 (UTC +04:00)
Ermənilərin cəbhə bölgəsində işğal etdikləri ərazilərdən Azərbaycanın mülki əhalisinə qarşı təxribat törətmələri birinci dəfə deyil.
Deputat: Bəzi aparıcı dövlətlərin Ermənistanın işğalçı siyasətini dəstəkləməsi ermənilərin təxribat törətməsinə şərait yaradır

Bakı. Samir Əli - Trend:

Ermənilərin cəbhə bölgəsində işğal etdikləri ərazilərdən Azərbaycanın mülki əhalisinə qarşı təxribat törətmələri birinci dəfə deyil.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət vəkili bildirib ki, bəzi aparıcı dövlətlərin Ermənistanın işğalçı siyasətini dəstəkləməsi ermənilərin bu cür təxribatlar, vandalizm törətməsinə şərait yaradır:

"ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, Ermənistana qarşı sanksiyalar tətbiq etməməsi onların təxribatlar törətməsinə şərait yaradır. Birləşmiş Millətlər Təşkilatı (BMT) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı 4 qətnamə qəbul edib. BMT bunu Ermənistana qarşı tətbiq edərək, bu ölkənin işğalçı olduğunu təsdiqləyib. Ermənistanı müdafiə edən ölkələrin sayəsində bu qətnamələr icra olunmur. Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxarılmır. Amma ötən ilin aprel ayında erməni hərbi birləşmələrinin təmas xəttindəki təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin bir hissəsini işğaldan azad etməsini beynəlxalq təşkilatlar, Ermənistanı müdafiə edən ölkələr ermənilərin "hüquqlarının pozulması" kimi adlandırmağa çalışaraq, Azərbaycana qarşı təzyiqlər edirdilər. Həmin təşkilatlar bu yöndə bəyanatlar verirdilər".

Deputat vurğulayıb ki, bütün dünya bilir ki, Azərbaycan Silahlı Qüvvələri işğal altındakı ərazilərimizi qısa müddətdə azad etməyə qadirdir:

"Lakin Azərbaycan məsələnin sülh yolu ilə həll edilməsini istəyir. Beynəlxalq təşkilatlar isə Azərbaycan ərazilərinin işğal altında qalmasına, ermənilərin dinc əhaliyə qarşı vandalizmlər törətməsinə göz yumur. Nə qədər ki, beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu və aparıcı dövlətlər Ermənistana qarşı təzyiqlər göstərmir, ermənilərin bu cür təxribatları davam edəcək".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti