...

Ekspert: BTQ bölgədə sabitliyin və təhlükəsizliyin təminatı olacaq

Nəzər nöqtəsi Materials 1 Noyabr 2017 11:09 (UTC +04:00)
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq və bölgədə sabitliyin, təhlükəsizliyin təminatı olacaq.
Ekspert: BTQ bölgədə sabitliyin və təhlükəsizliyin təminatı olacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun uğurlu fəaliyyəti iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracaq və bölgədə sabitliyin, təhlükəsizliyin təminatı olacaq.

Bunu Trend-ə ekspert Bəhruz Quliyev deyib.

O bildirib ki, regionda daha bir strateji əhəmiyyətli və qlobal layihə reallaşdırıldı: "Bu layihə XXI əsrin ən mühüm layihəsi olaraq qiymətləndirilə bilər. BTQ dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur və eyni zamanda, Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".

Ekspert qeyd edib ki, belə qlobal layihənin iştirakçı dövlətlərin daxili hesabına maliyyələşməsi həm də bu qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan yaxın gələcəkdə də əsas təşəbbüskar olaraq, növbəti irimiqyaslı layihələri reallaşdırmaq gücünə malik ölkələrdəndir: "Məhz Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, eləcə də uğurlu siyasəti sayəsində son illər mühüm layihələr həyata keçirilib. Biz daim əminliklə bildirirdik ki, bu kimi layihələr ardıcıl xarakter alacaq".

O vurğulayıb ki, BTQ-nin istifadəsi zamanı bir çox sahələrdə əhəmiyyətli uğurlar əldə ediləcək: "Buraya turizmin inkişafını da əlavə etmək mümkündür. Həmçinin, BTQ-dən istifadə edən ölkələr arasındakı ticarət dövriyəsi və qarşılıqlı sərmayə qoyulması artacaq. Ölkələr arasında əməkdaşlıq dərinləşəcək".

B.Quliyev layihə iştirakçıları olan dövlətlərin – Azərbaycanın, Türkiyənin və Gürcüstanın birgə siyasi-iqtisadi mövqelərinin regiona yalnız səmərə verə biləcəyini bildirib: “BTQ layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan da hədsiz maraq göstərir. Orta Asiya ölkələri ilə də münbit əməkdaşlıq mühiti formalaşacaq. Eyni zamanda, Avropa ölkələri də BTQ layihəsinin verdiyi imkanlardan maksimum yararlanacaqlar. Bütün bunlar Azərbaycanın istər regionda, istərsə də beynəlxalq siyasi arenadakı mövqeyini gücləndirir. BTQ Azərbaycanın siyasi və iqtisadi potensialının növbəti göstəricisi olaraq, ölkəmizin bütün sahələrdəki təməllərini daha da möhkəmləndirmiş olacaq”.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti