...

Elman Məmmədov: Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır

Nəzər nöqtəsi Materials 30 İyul 2018 12:38 (UTC +04:00)
Sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır.
Elman Məmmədov: Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır

Bakı. Samir Əli - Trend:

Sosial şəbəkələrdə bir qrup şəxsin Azərbaycanda guya dindarların sıxışdırılması ilə bağlı yaydığı məlumatlar cəfəngiyyatdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, həmin şəxslər Azərbaycanda dini vəziyyətdən və dindarlara yaradılan şəraitdən xəbərsiz olan radikallardır:

"1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından indiki dövrə qədər nəzər salsaq, nə görərik? Azərbaycanda yüzlərlə yeni məscidin tikilməsini, həmçinin başqa dinlərə sitayiş edən millətlərin nümayəndələrinə şərait yaradılmasını, Azərbaycanda yaşayan xristianlar üçün kilsələr, yəhudilər üçün sinaqoqların inşasını. Bundan başqa, Azərbaycanda dini təhsilin inkişafı üçün bütün şərait yaradılıb. Azərbaycanda din xadimlərinə dövlət tərəfindən ən yüksək diqqət göstərilir. Azərbaycanda heç bir dindar, heç bir din xadimi sıxışdırılmır. Heç bir vətəndaş dininə, inancına görə təqib olunmur".

E.Məmmədov qeyd edib ki, Azərbaycanda din pərdəsi altında cinayət törədən şəxslər hamı kimi qanun qarşısında cavab verir:

"Həmin şəxslər din adından sui-istifadə edib dövlətə qarşı, qanunların ziddinə hərəkət edirlər. Təbii ki, onlar nizam-intizama dəvət olunurlar. Həmin şəxslərə başa salınır ki, din pərdəsi altında başqa əməllər törətmək olmaz. Onlar məhz qanunu pozduqlarına görə cəzalandırılır".

Deputat vurğulayıb ki, bəzi qüvvələr Gəncə hadisələrində əli olanların saxlanılmasını dindarların təqib edilməsi kimi qymətləndirir: "Halbuki Gəncədə baş verənlərin nə olduğunu hamı gördü. Burada dövlət məmuruna qarşı sui-qəsd təşkil olundu, sonra da asayiş keşikçiləri qətlə yetirildi. Bu, konkret cinayətdir. Dövlət də bu cinayəti qanuna uyğun şəkildə qiymətləndirdi və təqsirkarlarla bağlı qanuni tədbir gördü".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti