...

Akademik: Müasir inkişafın Azərbaycan modelinin müəllifi Prezident İlham Əliyevdir

Nəzər nöqtəsi Materials 15 Oktyabr 2018 19:06 (UTC +04:00)
Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır.
Akademik: Müasir inkişafın Azərbaycan modelinin müəllifi Prezident  İlham Əliyevdir

Bakı. İlhamə İsabalayeva - Trend:

Müasir inkişafın Azərbaycan modeli ilə bu gün bütün dünya maraqlanır. Bu modelin müəllifi dövlətimizin başçısı İlham Əliyevdir. Modelin ən mühüm tərkib hissəsi milli tariximizin saxtalaşdırmalar və təhriflərdən təmizlənməsidir.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

İnstitutun elmi-tədqiqat fəaliyyətinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu qeyd edən Y.Mahmudov əlavə edib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son 15 ildə Tarix İnstitutunda 400-dən çox tədqiqat əsəri işıq üzü görüb:

"İlham Əliyev Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab edib. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm. Tarix İnstitutu erməni-daşnak quldurlarının Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində törətdikləri soyqırımları ilə bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirib".

Y.Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq, İlham Əliyevin prezidentliyi dövründə institut ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. Prezidentin birbaşa qayğısı sayəsində ensiklopediya 2014-cü ildə yenidən nəşr olunub. Bu ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir:

"İnstitutda ilk dəfə olaraq 2 cildlik “Heydər Əliyev” fundamental monoqrafiyası, 2 cildlik “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” sənədlər toplusu və 5 kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” əsəri nəşr olunub".

İnstitut direktoru deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə hər il 28 May – Respublika Günündə ölkəmizin qabaqcıl elm və mədəniyyət xadimlərinə, ziyalılarına dövlət mükafatları təqdim olunur. 2012-ci ildəki ənənəvi qəbulda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət Mükafatı verilib:

"Prezident İlham Əliyevin sayəsində Azərbaycan tarix elmini müstəqil inkişaf yoluna çıxara bilmişik. İnstitut “Azərbaycan tarixi atlası”nı buraxıb, “Azərbaycanın milli atlası”na isə 85 tarix xəritəsi daxil edib. İrəvan xanlığının tarixini araşdırmaqla ermənilərə dünya miqyasında sübut etmişik ki, bugünkü Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında – İrəvan xanlığının ərazisində 1918-ci il mayın 29-da yaradılıb. Bundan əvvəl heç zaman Cənubi Qafqazda erməni dövləti olmayıb. İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətçilik tariximizlə bağlı atılan mühüm addımlardandır. İnstitutda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Son illərdə nəşr olunmuş onlarla fundamental tədqiqat, o cümlədən “Qarabağ: real tarix, faktlar, sənədlər”, “Naxçıvan: tarixi və abidələri” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları müxtəlif dünya dillərinə tərcümə olunaraq xarici ölkələrdə yayılıb".

Y.Mahmudov qeyd edib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla instituta çox yüksək qiymət verib. Prezidentin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir. Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi fəaliyyət göstərir:

"Prezidentin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib".

Akademik bildirib ki, son illərdə Tarix İnstitutu beynəlxalq səviyyədə tanınmış bir elmi-tədqiqat mərkəzinə çevrilib. İnstitut Türkiyə, Rusiya, Çin, Bolqarıstan, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib:

"Bu günlərdə Polşanın Varşava Universitetində AMEA-nın Tarix İnstitutunun təşəbbüsü ilə Azərbaycanşünaslıq mərkəzi açılıb. Dünyanın tanınmış elmi mərkəzləri Tarix İnstitutunun tədqiqatlarını əsas kimi qəbul edirlər. Prezident İlham Əliyevin tarix elminin inkişafındakı mühüm xidmətləri institutda nəşr olunmuş “İlham Əliyev və Azərbaycan tarix elmi” fundamental monoqrafiyasında öz əksini tapıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti