...

Ekspert: Azərbaycan Prezidenti ilə vətəndaşların canlı təmaslarına müasir dövlət idarəçiliyi sistemində böyük önəm verilir

Nəzər nöqtəsi Materials 14 Yanvar 2019 19:52 (UTC +04:00)
Azərbaycan Prezidenti ilə vətəndaşların canlı təmaslarına müasir dövlət idarəçiliyi sistemində böyük önəm verilir.
Ekspert: Azərbaycan Prezidenti ilə vətəndaşların canlı təmaslarına müasir dövlət idarəçiliyi sistemində böyük önəm verilir

Bakı. Samir Əli - Trend:

Azərbaycan dövlətinin sosial siyasətinin dönməz, fasiləsiz və bütün ölkə boyu xarakter daşıdığını Prezident İlham Əliyevin iştirakı ilə Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışı bir daha göstərdi. Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, xəstəxana kollektivi ilə Prezidentin və birinci xanımın görüşü və orada dövlət başçısının çıxışı ümumiləşdirmələr aparmağa, bir neçə maraqlı nəticələr çıxarmağa əsas verdi:

"Hər şeydən əvvəl ölkə başçısı bölgələrə mütəmadi səfərlər zamanı vətəndaşlara verdiyi sözləri əməli olaraq sonadək tam icra etdiyini, özünün iş normalarından birinə çevirdiyini nümayiş etdirdi. Yəqin ki, Azərbaycanda çoxları bilmirdi ki, Qaradağa sonuncudan əvvəlki səfərdə Prezident yerli sakinlərə sosial obyektlərin tikintisi ilə bağlı hansı vədləri vermişdi. Ancaq hamı gördü ki, Prezident vətəndaşlarla işgüzar ünsiyyətlərində də öz sözünü sonadək, tam şəkildə icra edir və buna xalq qarşısında yüksək borc kimi baxır. Dövlət başçısı ilə yerlərdə vətəndaşların canlı təmaslarına müasir Azərbaycan dövlət idarəçiliyi sistemində böyük önəm verildiyini Qaradağ rayonundakı açılış mərasimlərində bir daha gördük. Dövlət başçısı bir daha insanları canlı təmaslara dəvət etdi və bu canlı təmasların daha səmərəli idarəçilik üçün nə qədər əhəmiyyətli olduğunu çox sadə dildə onlara izah etdi. "Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi", - deməklə Prezident-xalq ünsiyyətinin həm yenilməz güc mənbəyi olduğunu, həm də problemlərin həllinin əsas şərti olduğunu ifadə etdi".

Ekspert qeyd edib ki, Prezident bununla həm də cəmiyyətlə canlı təmaslar üçün öz qarşısında hər hansı manəe görmədiyini və bunu vacib hesab etdiyini bildirdi:

"Şübhə yoxdur ki, Prezidentin Qaradağ sakinləri ilə səmimi söhbəti bundan sonra insanları dövlət başçısı ilə işgüzar müstəvidə daha fəal olmağa ruhlandıracaq ki, bu da səmərəli dövlət idarəçiliyi üçün çox vacibdir. Azərbaycan dövləti üçün insanların sağlamlığının əsas strateji hədəflərdən biri olduğuna bir daha əmin olduq. Hər il azı 5 milyon insanın pulsuz tibbi müayinədən keçirildiyini bildirən cənab İlham Əliyev dünyanın nadir ölkələrinin bu yolla getdiyini dedi".

A.Quliyev əlavə edib ki, Qaradağda xəstəxana kollektivi ilə işgüzar və səmimi söhbət Azərbaycan Prezidentinin xalqa növbəti hesabat addımı kimi də dəyərlidir: "İndi hər kəsə yəqindir ki, dövlət başçısı bölgələrə səfərlərinə regionların sosial-iqtisadi mənzərəsini real olaraq dəyişən hadisə kimi baxır və bu imkandan dövlət mənafeyi üçün maksimum istifadə etməyə çalışır. O da dəqiqdir ki, Prezident bölgə səfərlərində insanların hər bir təşəbbüsünə xüsusi önəm verir, xalqın qaldırdığı hər bir məsələni necə və nə vaxt icra edəcəyi barədə özü üçün fəaliyyət planı işləyir. Hər dəfə Prezidentin müxtəlif bölgə sakinləri ilə görüşlərə həvəslə və inamlı getməsinin səbəbi budur. İlham Əliyev verdiyi sözlərin ağası olduğu üçün xalqla canlı ünsiyyətlərdən çəkinmir və belə ünsiyyətlərin təsir gücünə mühüm önəm verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti