...

Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Nəzər nöqtəsi Materials 21 Fevral 2019 16:57 (UTC +04:00)
Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür.
Ekspert: Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımları "öz əməyinin nəticəsi" kimi göstərməyə çalışması çox gülüncdür

Bakı. Elçin Mehdiyev - Trend:

Əli Kərimli və ətrafının hakimiyyətin atdığı addımlarla bağlı kampaniya təşkil edib bunları “öz əməyinin nəticəsi” kimi göstərməyə çalışması çox gülüncdür. Onlar bir illik hakimiyyətləri dövründə Azərbaycan xalqının, bu torpağın, dövlətin, millətin başına gətirdikləri oyunları yadlarına salsınlar. Yəqin bu, özlərinin də yaddaşlarından heç vaxt silinməyəcək. Çox güman ki, onlar manipulyasiya etməklə özlərini təmizə çıxarmağa çalışır, şou düzəltməklə gündəmdə qalmaq istəyirlər.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

V.Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısının atdığı addımlar insan amilinə söykənir, insanların yaxşı yaşamasına hesablanıb: Cənab İlham Əliyev prezident seçiləndə hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını açıqlamışdı. İndiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç Dövlət Proqramının icrası təmin edilib. Sonuncu qərarları xüsusilə qeyd etmək istərdim. Məsələn, tələbələrin təqaüdünün artırılması adi sərəncam deyil, on minlərlə insana dəstəkdir, gənclərimizə stimuldur”.

YAP rəsmisi vurğulayıb ki, çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında dövlət başçısının fərmanı tarixi hadisə, Azərbaycan vətəndaşlarına xidmət edən qərardır: “Şəhid ailələri, əlilliyi olan şəxslərlə bağlı verilən qərarlar da daxil olmaqla onlarla belə addım sadalamaq olar ki, hər biri vətəndaşlarımıza göstərilən diqqəti təcəssüm etdirir. Əli Kərimli və yan-yörəsindəkilər nə edirlər?! Yalnız Azərbaycanın əleyhinə işləməklə cəmiyyətimizə ziyan vurmaqla məşğuldurlar. Əli Kərimli və ətrafı erməni lobbisinin missionerləridir. Onlar orada, Əli Kərimli də Azərbaycanda iyrənc və çirkin əməllərlə məşğuldur. Hesab edirəm ki, onların birillik hakimiyyəti dövrünü Azərbaycan xalqı unutmayacaq: onların kimliyi, yaramaz əməlləri gözümüz qarşısında canlanır, insanların çörəklə sınağa çəkilməsi, iqtisadiyyatımızın məhvinin, xarici siyasətimizin alt-üst edilməsinin, insanlara bədnam münasibətin, jurnalistlərin döyülüb-söyülməsi və televiziyalara, canlı efirə basqıların şahidi olmuşuq. Yüzlərlə belə fakt sadalamaq olar ki, birillik hakimiyyətləri dövrü onların cizgilərini, obrazlarını ortaya qoymağa kifayət etsin. Əllərində imkan olanda bu xalqa yalnız qənim kəsildilər, xalqa zərbə vurmaqla məşğul oldular”.

Ekspert bildirib ki, “Milli Şura”nın əhalinin rifahının yüksəldilməsi ilə bağlı hakimiyyətin atacağı addımlara dair sızan məlumatları əlində bayraq edib siyasi xal qazanmağa cəhd göstərməsi gülüncdür: “Bu da o hadisələri unutdurmaq üçün siyasi manevrdir. Azərbaycan xalqı kimin kim olduğunu çox yaxşı bilir, heç kim heç nəyi unutmayıb".

V.Rəhimzadə deyib ki, Prezident İlham Əliyev təkcə bu gün yox, həmişə bu millətin, bu dövlətin yanındadır. Hansı qərarlar qəbul edilirsə, hansı sərəncamlar imzalanırsa hamısı vətəndaşlarımıza xidmət nümunəsini ortaya qoyur: "Su və qaz xətlərinin çəkilişi, yeni aeroportların salınması, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi, digər sahələrdə görülən işlər insanların həyat şəraitinin yaxşılaşmasına xidmət göstərir. Cənab Prezidentin qarşıya qoyduğu ən böyük hədəflərdən biri də odur ki, dünyada ən yaxşı yaşayan insanlar Azərbaycan vətəndaşları olmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti