...

İsrailin Suriya ilə müzakirələr aparmaq barədə qərarı İran üçün qurulmuş tələdir – -un icmalçısı

Dünya xəbərləri Materials 28 Aprel 2008 17:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir D.Xatınoğlu/ İsrailin Jolan təpələrini İranın bir nömrəli müttəfiqi olan Suriyaya qaytarması barədə verdiyi vəd regionda baş verən siyasi hadisələrdə İranın təsirini minimum həddə çatdırmaq üçündür.

Aprelin 27-də Türkiyə Baş naziri Rəcəp Tayyib Ərdoğan İsrail-Suriya münaqişəsinə vasitəçilik etmək məqsədilə Dəməşqə səfər edib. Suriya prezidenti Bəşar Əsəd isə mətbuata açıqlamasında İsrailin Jolan təpələrindən çıxacağı barədə verdiyi vədi bir daha xatırladaraq, İsraildən bunu rəsmi şəkildə və yazılı zəmanətlə təsdiqləməsini tələb edib.

İsrailin Suriyaya məxsus 1967-ci ildə işğal olunmuş Jolan təpələrini geri qaytarmaq barədə verdiyi vəd ərəb və qərb dünyasından təcrid olunmuş rəsmi Dəməşqi İrandan ayırmaq, Livan və Fələstində fəaliyyət göstərən "müqavimət" təşkilatlarına dəstəyini dayandırmaq məqsədilə atılan strateji bir addımdır. Bununla belə, ərazilərin qaytarılması hələki sözdədir.

ABŞ rəsmiləri isə bundan öncə Suriya ilə hər növ müzakirələrin əleyhinə olsalar da, hazırda Dövlət katibi Kondoliza Rays mətbuata açıqlamasında İsrail-Suriya müzakirələrini rəsmən dəstəkləyib.

İsrailin Baş naziri Ehud Olmertin Türkiyənin vasitəçiliyi ilə Bəşar Əsədə müzakirə ilə bağlı göndərdiyi mesaj isə başqa mühüm haisələrlə eyni vaxtda təsdüf etdi. Belə ki, 2005-ci ildə Livanın Qərbə meylli Baş naziri Rəfiq Həririyə qarşı terror aktı törədilmişdi ki, bu hadisə də məhz bu gün bir daha gündəmə gətirilib. Qərb, həmçinin Livandakı siyasi təşkilatların bəziləri Suriyanı bu hadisə ilə bağlı günahlandırırlar. Bununla bağlı keçən həftə BMT-də ABŞ və müttəfiqləri 1957 nömrəli Qətnamənin qəbuluna nail oldular və bu sənədə əsasən, Həririnin qətlinin sirri açılmalıdır. Əks təqdirdə, bu məsələ beynəlxalq məhkəmədə çözülməli olacaq və belə görünür ki, Suriya məhkəmə qarşısında çıxış etməli olacaq.

Digər tərəfdən, Amerika Senatında İsrailin 2006-ci ildə Suriyada yerləşən nüvə stansiyası obyektlərini bombardman etməsinə dair sənədlər müzakirəyə çıxarılıb. Bir ildən artıq müddət ərzində gizli saxlanılan bu məsələ nəhayət ki, açılıb və MAQATE Bəşar Əsəddən bu barədə izahlar verməsini tələb edib. Bu faktlar da Suriyanın "dosyesinə" əlavə olunub.

Bundan başqa, Livanda keçirilən prezident seçkilərinin 19 dəfə ləğv olunması da Suriya ilə əlaqələndirilib. Keçən ilin noyabrında Emil Lahudun prezidentlik müddəti bitdikdən sonra Livan prezidentsiz qalıb. Bu ölkənin qanunlarına əsasən, prezident Maroni xristianları arasından seçilir. Suriya general Mişel Aunun prezidentliyə namizədliyini dəstəkləyir. Livanda iqtidarda olan əksəriyyət, Rəfiq Həririnin oğlu Sədin rəhbərlik etdiyi "14 mart koalisiyası", ərəb birliyi və Qərb isə ordu başçısı Mişel Süleymanın namizədliyini dəstəkləyir.

İsrailin Jolan təpələrini Suriyaya qaytarması ehtimalı azdır. Tel-Əviv 1981-ci ildə bu ərazini öz topraqlarına daxil etsə də, bu hal beynəlxalq ictimaiyyət tərəfindən rəsmi tanınmayıb. Buna baxmayaraq, hazırda bu ərazidə 10 000 yəhudi yaşayır. Həmçinin Jolan təpələrinin strateji baxımdan İsrail üçün çox böyük əhəmmiyyəti var. Bu ərazidən İsrailin şimalını, o cümlədən Qüds və Tel-Əvivi tam nəzarətdə saxlamaq olur. Digər tərəfdən, Tel-Əvivdə hakimiyyətlə koalisiyada olan qüvvələr qəti şəkildə Olmertin bu qərarına qarşıdırlar. Prezident Şimon Peres də keçən həftə mətbuata açıqlamasında bununla bağlı öz narazılığını rəsmən bildirib. Olmertin bu narazılıqlara konkret cavabı isə çox maraqlıdır: "Biz nə edəcəyimizi və nə istədiyimizi yaxşı bilirik və Suriya da bunu bilir". Bu fikrin arxasında böyük bir əminlik və siyasət durduğu aydın görünür.

Əslində, Tel-Əvivin tələblərinin nədən ibarət olduğu məlumdur: Suriya Fələstində "Hamas", Livanda isə "Hizbullah"ı dəstəkləməyi dayandırmalıdır. Həmçinin, İsrailin bir nömrəli düşməni olan İranla əlaqələrini məhdudlaşdırmalıdır.

Amerikanın da Suriyadan tələbləri məlumdur: Suriyanın nüvə obyektləri ilə bağlı məsələ hazırda Senatda müzakirə olunur. Ehtimal etmək olar ki, nüvə məsələsi Livanın növbəti prezident seçklərində Suriyanın bir daha müdaxilə etməməsi üçün təzyiq vasitəsi kimi istifadə olunsun.

Suriya XİN rəhbərinin aprelin 25-də Tehrana səfər etməsi də birbaşa Livan seçkilərilə əlaqədardır. Iran çalışır ki, Livanda 2009-cu ildə keçiriləcək Parlament seçkilərinədək prezident seçkiləri baş tutmasın. Hazırda Livan parlamentinin əksəriyyəti Qərbyönlu partiyaların nümayəndələridir. Baş nazir Fuad Sinyore də Qərbə meylli bir fiqurdur. Tehran çalışır ki, parlamentdəki bu vəziyyəti öz mənafeyinə uyğun şəkildə dəyişsin. Yəni, onun müttəfiqləri parlamentdə əksəriyyət qazansın və buna nail olmaq üçün İranın Suriyanın dəstəyinə böyük ehtiyacı var.

Belə bir şəraitdə, Türkiyənin İsrail və Suriya arasında vasitəçilik təşəbbüsü də maraqlıdır. 2007-ci ilin noyabr ayında Şimon Peres Türrkiyə parlamentində çıxışı zamanı bildirmişdi: "Türkiyənin mülayim islamçı hakimiyyəti İran və onun müttəfiqlərinin radikal islami siyasətinə qarşı bir alternativdir". Əslində, həmin dönəmdə Türkiyə İsrail lobbiçilərinin ABŞ Konqresində "erməni soyqırımı" məsələsini veto etmələrinə böyük ehtiyac duyurdu, çünki məhz o zaman bu məsələ ABŞ Konqersində müzakirəyə çıxarılmışdı..

Bundan başqa, Türkiyə özü də İranın nüvə proqramından çəkinir. Qonşu Tehranın nüvə silahına yiyələnməsi strateji baxımdan Türkiyənin ziyanınadır və bu ölkənin regionda nüfuzuna xələl gətirir. Beləliklə, Türkiyə Baş nazirinin Suriyaya səfəri öncəsi "Ankara Israil-Suriya münaqişəsinin həllində öz üzərinə böyük öhdəlik götürüb" fikrinin mahiyyəti məlum olur.

Xəbər lenti

Xəbər lenti