...

Olmertin Suriya ilə sülh prosesində irəliləyişə nail olmaq üçün son cəhdi: mif, yoxsa reallıq? - Trend News-un icmalçısı

Dünya xəbərləri Materials 21 Dekabr 2008 02:15 (UTC +04:00)
Olmertin Suriya ilə sülh prosesində irəliləyişə nail olmaq üçün son cəhdi: mif, yoxsa reallıq? - Trend News-un icmalçısı

Arye Qut, Trend -un Qüdsdəki xüsusi müxbiri

Bazar ertəsi İsrailin baş naziri Exud Olmert İsrail və Suriya arasında birbaşa olmayan danışıqlarda vasitəçilik edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün bu ölkəyə səfər edəcək. Ötən iki həftə ərzində İsrail və Türkiyə liderləri telefon vasitəsi ilə İsrail və Suriya arasında problemləri və sülh nizamlanmasının perspektivlərini, həmçinin Dəməşqin Türkiyə tərəfinə təqdim etdiyi sənədi müzakirə ediblər.

Bir neçə gün əvvəl Suriyanın prezidenti Bəşər Əsəd türkiyəli vasitəçilərlə dövlət sərhədlərinin öz variantını təqdim edib. Suriya lideri sərhədləri Kineret gölünün sahili boyu müəyyənləşdirməyi təklif edib. Nəticədə Colan yüksəklikləri Suriyanın nəzarətinə keçməlidir. Həmən sənəddə İsrail tərəfinin altı bənd haqqında rəyi soruşulur. O cümlədən Kineretin şimal-şərq sahili haqqında. Məlum olduğu kimi, Suriyanın keçmiş prezidenti, hazırki dövlət başçısının atası Hafiz Əsəd sözügedən ərazinin İsrailə məxsus olmasını nəzərdə tutan sənədi imzalamaqdan qəti surətdə imtina etmişdi. Dəməşqdə birbaşa dialoqa keçməyə tələsməyərək, irəli sürülən təklifə İsrailin cavabını gözləyirlər.

Yaxınlarda "Middle East International" jurnalının haqlı olaraq yazdığına görə, "heç bir suriyalı İsrail və Suriya arasında "isti sülhün" mümkünlüyünə inanmır. Həddindən artıq hiddət və bəla mövcuddur. Düşmənçiliyin aradan qaldırılması üçün bir nəslin dəyişməsi labüddür". Bundan əlavə, Suriya-İsrail münasibətlərində həddindən artıq həlli müşkül olan problemlər meydana gəlib. Onlardan biri su ehtiyatları problemidir. O həm sərhəd bölgüsü, həm də təhlükəsizliyin təminatı məsələsidir. Suriya və İsrail arasında sülhün təminatı üçün bir sıra ikitərəfli və regional problemləri həll etmək lazımdır.

İsrail qarşısında aşağıdakı məqsədləri qoyur: İordan çayının 3 əsas mənbəyindən biri yerləşən Banias üzərində nəzarət, İordan çayının yuxarı axını, Kineret gölü və bu su hövzəsi ətrafındakı yol üzərində tam nəzarət. Suriya Baniasdan əl çəkməyə çətin ki, razılıq versin. Hətta onun əvəzinə El-Həmmadakı isti çeşmələri alsa belə. Başqa sözlə, bu eyni ilə 1967-ci ildəki Altıgünlük müharibə ərəfəsində Dəməşqin tutduğu mövqenin təkrarıdır.

Bəlkə də Ankaranın vasitəçiliyi ilə tərəflər bu çətin məsələni nizamlamağa nail olacaqlar. Türkiyə uzun müddətdir ki, Yaxın və Orta Şərqdə əsas sülhməramlı qismində çıxış etməyə səy göstərir. Əsas diqqəti isə Ankara yəhudi dövləti ilə ərəblərin barışığında mühüm rol oynaya biləcək İsraillə unikal münasibətlərinə yönəldir. "Türkiyə Yaxın Şərq bölgəsi üçün unikal ölkədir. Kim bu regionda 400 illik mövcudluqla, əhalisinin əsas hissəsi müsəlmanlardan ibarət olan və digər mədəniyyətlərə hörmət təbliğ edən dövlətdlə öyünə bilər?" deyərək, Trend -a Türkiyənin İsraildəki səfiri Namiq Tan bildirib. Türkiyə diplomatının sözlərinə görə, İsrail də ABŞ kimi Türkiyənin strateji müttəfiqidir. Tan deyib: "Bizim üçün İsrail-Suriya münaqişəsinin həlli bizimlə nəhəng ərazidə həmsərhəd olan ölkələrdə sülh və əminamanlığın bərqərar olması deməkdir". Onun sözlərinə görə, siyasi quruluşuna görə tamamilə fərqlənən dövlətlər, o cümlədən Suriya və İran, Türkiyəyə inamla yanaşırlar: "Digər tərəfdən isə İsraillə uzun müddətdir ki, hərbi əməkdaşlığımız mövcuddur, bu əməkdaşlıq, həmçinin iqtisadi əlaqələr, genişlənir. Son dörd il ərzində ikitərəfli mal mübadiləsi iki dəfə artaraq 5 milyard dollara yaxınlaşıb".

Bir çox İsrail siyasətçilərinin fikrincə, prezident Əsədin "Hezbolla", HƏMAS və "İslami Cihad" təşkilatlarının rəhbərləri ilə müntəzəm əlaqələri, üstəgəl İran prezidenti Əhmədinejadın Dəməşqə hər səfəri zamanı bu təşkilatların başçıları ilə siyasi dialoqu genişləndirməyi və möhkəmləndirməyi özünə borc bilməsi, Suriya rejiminin bəyan etdiyi sülh niyyətlərinə inanmağa imkan vermir. İsrail cəmiyyətində belə bir yekdil fikir mövcuddur ki, İranla Suriyanın strateji tərəfdaşlığı Suriyanın İsraillə siyasi dialoqa girməsi ideyasına ziddir. Suriya prezidenti Əsədi, İran prezidenti Əhmədinejadı, HƏMASın siyasi rəhbəri Məşəli və "Hezbolla" lideri Nasrullanı vahid məqsədə yetişmək uğrunda birləşdirən və əsas məramı İsrail ətrafında düşmənçilik zolağı yaratmaq olan müəyyən bir ittifaq əmələ gəlib.

Belə bir şəraitdə strateji əhəmiyyət kəsb edən Colan yüksəkliklərinin Suriyaya verilməsinə razılıq mümknsüzdür, çünki bu addım İsrailin müdafiə imkanlarını xeyli zəiflədəcək. Əgər İsrail Suriya ilə sülhə razılıq versə belə, şimal sərhədlərinin təhlükəsizliyinin təminatını tələb edəcək. Amma çətin ki Suriya İsrailə belə bir təminat versin - bu təminatı açıq şəkildə "Hezbolla" hərəkatını, həmçinin rəsmi Dəməşqi maaliyyələşdirən İrandan tələb etmək lazımdır. Nəzəri cəhətdən Suriya İranla münasibətlərinə xitam verə bilər, amma belədə özünə yeni sponsor axtarmalıdır. Suriya-İsrail danışıqlarının başlanması İran üçün ən azından Suriya istiqamətində mövqelərinin zəifləməyi deməkdir, belə ki, Suriya aşkar şəkildə 2006-cı ildə iki ölkə arasında imzalanan hərbi-strateji müqaviləyə etinasızlıq nümayiş etdirir. Suriyanın Yaxın Şərq regionunda İranın yeganə strateji müttəfiqi olduğu bir şəraitdə belə bir addım Tehranı narahat etməyə bilməz. Bu son zamanlar əldə olunmuş bütün vacib məsələlər üzrə qarşılıqlı məlumatlandırmanı nəzərdə tutan ikitərəfli əlaqələr təcrübəsi ilə uzlaşmır.

Amma reallıq ondan ibarətdir ki, müasir İsrail cəmiyyəti bu danışıqlara hazır deyil. Parlament müxalifətinin rəhbəri, "Likud" partiyasının lideri və yaxın gələcəkdə İsrailin potensial baş naziri Binyamin Netanyahu mətbuatda baş nazir Olmertlə prezident Əsəd arasındakı əlaqələri əks etdirən son məlumatları şərh edərkən, hökumət başçısını cinayətkar sadəlöhvlükdə ittiham edib. Müxalifət lideri deyb: "Colan yüksəklikləri nəzarətimizdə qalmalıdır. Əks təqdirdə şimal sərhədlərimizdə İran yaradacağıq".

Son sorğulara görə İsrail əhalisinin 74% - i Suriya prezidenti Bəşər Əsədin sülh bəyanatlarına inanmır. Cəmi 40% Colan yüksəkliklərinin bir hissəsinin verilməsi şərti ilə danışıqları dəstəkləyir, 48% ümumiyyətlə belə danışıqların əleyhinədir. İsraillilərin cəmi 10% -i Colan yüksəkliklərini tərk edilməsininin tərəfdarıdırlar, 44% isə Suriyaya bir millimetr belə verməyə razı deyillər. Beləliklə də, dörd ölkə arasında qalan Colan yüksəklikləri ətrafında son altmış il ərzində davam edən münaqişələrin qısa zaman ərzində həlli mümkünsüzdür. Aydındır ki, istefaya gedən Exud Olmert İsrailin siyasi səhnəsini tərk etməzdən öncə Suriya ilə sülh danışıqlarında irəliləyişə nail olmaq istəyir. Amma İsrail-Suriya sülhünün tezliklə əldə olunmayacağını ehtimal etmək olar. Bəşər Əsəd Tehranla münasibətlərinə son qoymağa hazırlıqsızdır, İsraillə tandemdə olması isə heç vaxt mümkün deyil. Bu Yaxın Şərq münaqişəsinin sərt reallığı da elə bundan ibarətdir.

Xəbər lenti

Xəbər lenti