...

Ümid edirik ki, İran Obamanın çağrışına müsbət cavab verəcək - Məhəmməd əl-Baradei

Dünya xəbərləri Materials 26 Mart 2009 11:58 (UTC +04:00)

"Ümid edirik ki, İran ABŞ Prezidenti Barak Obamanın Tehran və Vaşinqton arasında yeni əlaqələrin qurulması ilə bağlı çıxışına müsbət cavab verəcək", - Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Məhəmməd əl-Baradei bildirib. Bu barədə İranın İSNA agentliyi məlumat yayıb.

"ABŞ Prezidenti Obama İranla şərtsiz və birbaşa müzakirələrdən danışıb və İran xalqına müraciət edib. Ümid edirəm ki, İran xalqı buna müsbət cavab verəcək", -  Əl-Baradei çərşənbə günü Ekvadorun paytaxtı Kitoda çıxışı zamanı bildirib. O bildirib ki, bu məsələ çox əhəmiyyətlidir və Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasında müsbət rol oynaya bilər.

İran xalqına cümə günü (martın 20-si) müraciətində ABŞ Prezidenti Obama iranlıları Novruz bayramı münasibəti ilə təbrik edib. Obama bu bayramın ilin başlanğıcı kimi qeyd edərək bildirmişdi ki, onun ölkəsi İrana "diplomatik yanaşma"nın tərəfdarıdır. O, İranla və beynəlxalq cəmiyyətlə konstruktiv münasibətlərin qurulmasına söz verib.

Lakin çıxışında o bir daha İranı terrorizmi dəstəkləməsində günahlandırıb və bildirib ki, Tehran seçim etməlidir.
İranın Ali dini Rəhbəri Ayətullah Seyid Əli Xamenei İranın Məşhəd şəhərində Obamanın müraciətinə reaksiya bildirərək deyib ki, İran xalqı həqiqi dəyişiklikləri alqışlayacaq və heç vaxt hədələrə və vədlərə aldanmayacaq.

Həmçinin İran Parlamentinin sədri Əli Laricani Obamanın müraciətinə reaksiyasında bildirib ki, İran və ABŞ problemi adi problem deyil ki, təbrik deməklə həll olunsun.

"Biz bu yeni addımın qarşısında yumşaq və sərt mövqe bildirmək niyyətində deyilik", - deyə İran Parlamentinin sədri Laricani çərşənbə günü İraqda jurnalistlərə bildirib. O, əlavə edib ki, biz bu cür məsələlərin sakitcə və tələsmədən həll olunmasının tərəfdarıyıq.

ABŞ və İran arasındakı münasibətlər 1979-cu ildən sonra ABŞ-ın Tehrandakı səfirliyinin zəbt olunmasından sonra 1980-ci ildə pozulub. Hazırda İran-Amerika münasibətləri Tehranın nüvə inkişaf proqramının sülhməramlı olmasına Vaşinqtonun şübhə ilə yanaşması səbəbindən gərgin vəziyyətdədir. Tehran onun sülhməramlı olmasını təkid edir. Prezident Barak Obama ABŞ və İran arasında əməkdaşlıq imkanlarının olmasını söyləyən ilk ABŞ lideridir.

Xəbər lenti

Xəbər lenti