...

Ərəb ölkələri şəxsi fikir ayrılıqlarını unutmalıdır – Suriya Prezidenti

Dünya xəbərləri Materials 30 Mart 2009 16:15 (UTC +04:00)
Ərəb ölkələri şəxsi fikir ayrılıqlarını unutmalıdır – Suriya Prezidenti

Ərəb ölkələri iqtisadi böhrandan çıxmaq üçün barışığa gəlməli və vahid qərar qəbul etməlidirlər. Bu barədə Suriya Prezidenti Bəşər Əsəd Dohada keçirilən ərəb dövlətləri sammitində bəyan edib. Bu barədə Al Jazeera telekanalı xəbər verib.

"Biz əvvəlki səhvləri buraxmamalıyıq və ötən əsrin ortalarında olduğu kimi ərəb ölkələrinin ikinci dəfə parçalanmasının qarşısını almalıyıq", - deyə Əsəd bildirib.

XI Ərəb Dövlətləri sammiti bazar ertəsi Qətərin paytaxtında öz işinə başlayıb və iki gün davam edəcək.

Müzakirələrin gündəliyində əsas mövzu ərəblər arasında razılıq və ərəblərin barışıq planının inkişaf etdirilməsidir.

Ərəblər arasında fikir ayrılıqlarının aradan qaldırılması prosesinin əsası bu ilin yanvar ayında Küveytdə keçirilən mini sammitdə qoyulub. İki aydan sonra bu istiqamətdə səylər ər-Riyadda Səudiyyə Ərəbistanı, Suriya və Misir liderlərinin görüşü zamanı davam etdirilib. RİA Novosti-nin yazdığına görə, orada görüşün yekununda qeyd olunduğu kimi, ərəblərarası münasibətlərdə "yeni mərhələnin əsası" qoyulub.

Suriya Prezidenti bildirib ki, ərəb ölkələri vahid ticarət münasibətləri qurmalı və iqtisadi əməkdaşlığı genişləndirməlidirlər.

"Biz ticarətdə tərəfdaşlığın yeni yollarını axtarmalı və qəbul olunan bütün qərarları razılaşdırmalıyıq. Ərəblər arasında parçalanma İsralin Qəzza Zolağına son hücumu zamanı yaranıb və bu ərəb dünyasına siqnal olmalıdır", - deyə Əsəd bildirib.

Əsəd əlavə edib ki, ərəb dünyasında yeni münasibətlərin qurulması üçün ərəb dövlətlərinin daxili və şəxsi fikir ayrılıqları unudulmalıdır. "Biz gələcəkdə belə mühitdə işləyə bilmərik", - deyə Əsəd bildirib.

Əsəd deyib ki, daxili problemlər həll edilən zaman bütün tərəflərin fikirləri və müxtəlif baxışlar nəzərdən keçirilməlidir.

Dəməşq ilə ərəb ölkələri arasında münasibətlər sıx Suriya-İran əməkdaşlığı, həmçinin Dəməşqin Fələstinin müqavimət hərəkatı HƏMAS-ı dəstəkləməsi səbəbindən gərgin olaraq qalmaqdadır.

Suriya Prezidenti hesab edir ki, ərəb ölkələri xüsusilə də, İsralin təhlükələrinə qarşı yönəldilmiş regindakı müqavimətə dəstək göstərməlidir.

"Ərəb ölkələri bir-birini ittiham etməməlidir, onlar vahid ərəb siyasəti yaratmalıdırlar. Biz kənarda özümüzə dəstək axtarmamalıyıq, vahib hərəkət etməliyik, xüsusilə də, İsrailin hərəkətləri cəzasız qaldığı bir vaxtda", - deyə Əsəd vurğulayıb.  

İsrailin deyabr-yanvar aylarında HƏMAS-ın üzvlərinə qarşı Qəzza Zolağına hərbi hücumları nəticəsində 1300-dən artıq fələstinli həlak olub.

Əsəd Sudan Prezidenti Ömər əl-Bəşirin həbsi probleminə də toxunaraq bildirib ki, ərəb ölkələri sadəcə tənqid etməli deyil, həm də cavab tədbirləri görməlidirlər.

Martın əvvəlində Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Sudan rəhbərini Darfur əyalətinin əhalisinə qarşı soyqırımda ittiham edib, lakin ərəb dövlətləri BCM-nin hərəkətini pisləyiblər.

Sudandan kənarda həbs olunacağına dair təhdidlərə baxmayaraq, Əl-Bəşir də Qətərdə keçirilən sammitdə iştirak edir.

BCM-nin malik olduğu sənədlərə əsasən, Sudan Prezidenti 35 min nəfərin qətlində və 265 mindən çox Darfur sakininin qaçqın düşməsində məsuliyyət daşıyır. BMT-nin məlumatına görə, qara dərili əhali ilə hökumət qruplaşmaları arasında 2003-cü ildən davam edən münaqişə nəticəsində 300 min nəfər həlak olub, 2,5 mln. insan qaçqın düşüb. Lakin rəsmi Hartum  ölkədə 10 mindən çox insanın həlak olduğunu təsdiq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti