...

Ərəblər Qüdsü həmişəlik itirə bilərlər – İslam Konfransı Təşkilatının (İKT) baş katibi

Dünya xəbərləri Materials 30 Mart 2009 17:15 (UTC +04:00)

Al Jazeera telekanalının verdiyi məlumata əsasən, ərəb ölkələri Qüdsün İsrail işğalından azad olması və onun ərəb dünyasına qaytarılması kampaniyasına başlamalıdırlar, - deyə İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmeleddin İhsanoğlu bildirib.

" Qüdsün qaytarılmasına təkid etməsək, o zaman ərəblər bu müqəddəs şəhəri həmişəlik itirə bilərlər", - deyə İhsanoğlu bildirib.

Ərəb Dövlətləri Liqasının (ƏDL) iyirmi birinci sammiti bazar ertəsi Qətərin paytaxtında öz işinə başlayıb. Sammit iki gün davam edəcək.

Növbəti ümumərəb forumunun əsas mövzuları Sudandakı vəziyyət, Fələstin ərazilərindəki şərait və Ərəbistanın gələcək sülh təşəbbüsləri, ərəb dövlətləri arasındakı nizamlama və qlobal maliyə böhranı olacaq.

" Qüdsün azad edilməsi üçün ərəb ölkələri təkcə İsrail əleyhinə bəyanatlar verməli deyil, həmçinin beynəlxalq səviyyədə tədbirlər görməlidirlər", - deyə İhsanoğlu bildirib.

"Biz müqəddəs şəhərdə evlərin dağıdılmasına, Fələstin ərazilərində qadınların və uşaqların öldürülməsinə göz yuma bilmərik", - İhsanoğlu deyib.

İsrail Yerusəlimin şərq hissəsini 1967-ci ildə işğal edib, 1980-ci ildə isə Yerusəlimi paytaxtı elan edib.

Lakin BMT və digər beynəlxalq təşkilatlar Şərqi Yerusəlimin işğalını qəbul etməyərək ona neytral status verib.

Baş katib onu da əlavə edib ki, İKT Fələstin daxilindəki ziddiyətlərin aradan qaldırılması, həmçinin İraqdakı vəziyyətin yaxşılaşdırılması istiqamətindəki işləri davam etdirir və Darfurda törədilən cinayətlərə görə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən təqsirləndirilən Sudan Prezidenti Ömər əl-Bəşiri dəstəkləyib.

Ərəblərarası ziddiyətlərin aradan qaldırılması prosesinə bu ilin yanvar ayında Küveytdə keçirilən kiçik sammitdə başlanılıb. İki aydan sonra bu istiqamətdəki səylər Səudiyyə Ərəbistanı, Suriya və Misir liderlərinin ər-Riyaddakı görüşü çərçivəsində davam etdirilib. Görüşün nəticələrinə əsasən, bununla ərəblərarası münasibətlərdə "yeni mərhələnin başlanması"nın əsası qoyulub. Bu barədə RİA Novosti xəbər verir.

ƏDL-in Qətər sammitinə Misir, Əlcəzair, İraq, Mərakeş və Oman dövlətlərinin başçıları gəlməyib.

ƏDL sammiti çərşənbə axşamı sona yetəcək, bundan sonra Dohada ərəb ölkələrinin və Cənubi Amerika ölkələrinin ikinci sammiti baş tutacaq.

Xəbər lenti

Xəbər lenti