Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama bazar ertəsi Kremldəki görüş zamanı Yaxın Şərq prosesinin həlli, Yaxın Şərq üzrə Moskva konfransına hazırlıq və bir sıra başqa beynəlxalq problemləri müzakirə ediblər. Bu barədə RİA Novosti xəbər verir.
"Bu mövzu üzrə (Yaxın Şərq prosesinin həlli) biz əvvəlcədən danışdığımız planları nəzərə almaqla bundan sonra da işləməyi qərara aldıq, həmçinin Yaxın Şərq üzrə Moskva konfransının keçirilməsini də müzakirə etdik", - Medvedev Obama ilə görüşün yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, prezidentlər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.
"Bu istiqamətdə birgə iş olmadan, böyük ehtimalla uğur qazana bilməyəcəyik. Bununla bağlı biz xüsusi bəyanat hazırlamışıq", - Medvedev bildirib.
Rusiya Yaxın Şərq problemi ilə bağlı konfransı qəbul etməyə hazır olduğunu bildirib. Bu proses, İsraildə rəhbərliyə Benyamin Netanyahunun sağçı hökumətinin gəlməsindən sonra dayanıb.
Medvedev iyunda Misirə səfəri zamanı konfransın ilin sonuna qədər keçirələcəyinə dair söz vermişdi.