İsrailin "Jerusalem Post" qəzetinin yazdığına görə, Suriya Prezidenti Bəşər əl-Əsəd HƏMAS hərakatının əsirliyində olan israilli əsgər Qilad Şalitin azad edilməsinə kömək edə bilər. Bu barədə Fransanın Prezident sarayının - Yeliseyin - baş katibi Klod Gean fransız radiosuna müsahibəsində bildirib.
Şalit iki vətəndaşlığa (İsrail və Fransa) sahibdir. Buna görə də Paris onun azad olunması üçün aparılan danışıqlarda fəal iştirak edir. Fransa Prezidenti Nikolya Sarkozi israilli əsgərin atası ilə görüşdə bildirib ki, Şalitin azad edilməsi üçün mümkün olan hər bir şeyi edəcək.
Geanın bəyanatı onun Sarkozinin diplomatik məsləhətçisi Jan David Levitlə Dəməşqə səfəri zamanı səslənib.
Fransa radiosuna müsahibəsində Gean bildirib ki, Suriyanın iştirakı olmadan Yaxın Şərqdəki problemi həll etmək mümkün deyil.
O, qeyd edib ki, Suriya Prezidenti əl-Əsədlə Şalitin azad edilməsi ilə bağlı danışıqlar aparıb.
"Biz ondan əməkdaşlığı xahiş etdik və onun bizə kömək edəcəyini güman etmək üçün səbəblərimiz var", - Gean bildirib. O bildirib ki, Şalitin azad edilməsi təkcə əl-Əsəddən asılı deyil.
Geanın sözlərinə əsasən, əsgərin səhhəti ilə bağlı problemi yoxdur.