...

İran Türkiyənin böyük qonşusudur və Ankara hər zaman onunla əməkdaşlıq edəcək - Türkiyənin Baş naziri Ərdoğan

Dünya xəbərləri Materials 8 Dekabr 2009 16:34 (UTC +04:00)
Bu gün Vaşinqtonda Siyasi İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA - Foundation For Political, Economic and Social Research) Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş təşkil edib. Tədbirdə bir neçə ölkənin ABŞ-dakı nümayəndələri, ABŞ Dövlət Departamenti, disapor təşkilatları və KİV nümayəndələri və bir sıra alimlər iştirak ediblər.
İran Türkiyənin böyük qonşusudur və Ankara hər zaman onunla əməkdaşlıq edəcək - Türkiyənin Baş naziri Ərdoğan

ABŞ, Vaşinqton, 08 dekabr / Trend , müxbir K.Paşayeva/

Bu gün Vaşinqtonda Siyasi İqtisadi və Sosial Araşdırmalar Fondu (SETA - Foundation For Political, Economic and Social Research) Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüş təşkil edib. Tədbirdə bir neçə ölkənin ABŞ-dakı nümayəndələri, ABŞ Dövlət Departamenti, disapor təşkilatları və KİV nümayəndələri və bir sıra alimlər iştirak ediblər. Türkiyə və ABŞ arasındakı siyasi və iqtisadi əlaqələrin vacibliyi və dünyanın hazırkı vəziyyətində Ankaranın rolu görüşün müzakirə mövzusu olub.

Ərdoğan qeyd edib ki, Türkiyə sülh tərəfdarıdır və bu istiqamətdə işlər görür. Türkiyəli nazirin çıxışının əsas hissəsi İran, İsrail və Türkiyə arasındakı əlaqələrə həsr edilib.

Ərdoğanın sözlərinə görə, İran Türkiyənin böyük qonşusudur və bu hansısa bir dövlətin narazılığına səbəb olsa da Ankara hər zaman onunla əməkdaşlıq edəcək.

"Əgər İran və ABŞ istəyərsə, Türkiyə sülh tərəfdarı kimi əlaqələri qaydaya salmaq üçün əlindən gələn köməyi edəcək, - Ərdoğan deyib.

"İranla əlaqələrimiz məsələsində heç kəs bizə təzyiq göstərə bilməz. Əgər dünya dövlətləri İranla danışıqlarda bizim vasitəçilik etməyimizi istəyərsə, biz bunu edəcəyik", - Ərdoğan deyib.

Baş nazir bəyan edib ki, Yaxın Şərqdə kütləvi qırğın silahlarının yayılmasına qarşı çıxış edir. Ərdoğan diqqəti kütləvi qırğın silahlarının yayılmasına qarşı çıxan dövlətin belə bir silaha sahib olmasına yönəldib.

"Yaxın Şərqdə buna qarşı çıxış edən İsrail özü bənzər silahlara sahibdir və silahın daha dəhşətli növlərini istehsal edir. Bundan əlavə, İsrail nüvə enerjisi üzrə beynəlxalq strukturun üzvü deyil, İran isə bu struktura üzvdür. Əgər biz Qəzzada bu yaxınlarda baş verənlərə diqqət yetirsək görərik ki, burada kütləvi qırğın silahı olan fosfor bombaları tətbiq edilib. Nəticədə 1400-dən artıq uşaq, qadın, yaşlı insan həlak olub, 5000 nəfərdən artıq insan isə yaralanıb. Lakin bu məsələ gündəliyə daxil edilmir və məsuliyyətli bir insan kimi bu məni narahat edir. Nə üçün hər gün bu problem deyil, İran mövzusu müzakirə edilir? Əgər biz planetdə sülhün bərqərar olmasından, ədalətdən danışırıqsa, bu məsələyə də ədalətlə yanaşmaq lazımdır. Biz özümüzü İsrailin dostu hesab edirik. Əsl dost isə acı da olsa həqiqəti söyləyər", - Ərdoğan deyib.

Müxbirlərin sualını cavablandıran Ərdoğan qeyd edib ki, Barak Obama ilə danışıqlar zamanı vurğulayıb ki, Türkiyə qonşularla yaxşı əlaqələrin olmasının tərəfdarıdır, lakin Ermənistan-Türkiyə məslələsinin tezliklə həlli üçün Azərbaycan və Ermənistan arasındakı problem həll edilməlidir.

"Bu məsələnin tez həll edilməsi hamı üçün xeyirlidir", - Ərdoğan deyib.

"Lakin bunun üçün Minsk qrupunun həmsədrləri daha çox səy göstərməlidir", - o belə hesab edir.

"Mən bunu Barak Obama ilə və Medvedeylə görüşümdə də qeyd etmişəm. Obama bu fikirlə razıdır. Mən ona bildirmişəm ki, Türkiyə ondan asılı olan hər şeyi edəcək, lakin bu vəziyyət təkcə bizdən asılı deyil", - Ərdoğan deyib.

Onun sözlərinə görə, Ermənistanla diplomatik əlaqələr gündəlikdədir. Lakin Türkiyə Parlamentində bu məsələ ilə bağlı vəziyyət qətiyyən ümidverici deyil. Onun sözlərinə görə, bu, Dağlıq Qarabağ məsələsinin həll edilməməsi ilə əlaqədardır.

"Əgər siz sərhədləri açmaq istəyirsinizsə, Qarabağ probleminin həlli tapılmalıdır və siz Minsk qrupu dövləti kimi nizamlanma prosesini tezləşdirməlisiniz. Bu məsələnin həlli bizim hamımızın işini yüngülləşdirəcək", - Ərdoğan deyib.

Xəbər lenti

Xəbər lenti