...

"Demokratik açılım"da əsas hədəf milli birliyin olmasıdır - Türkiyənin Baş naziri

Dünya xəbərləri Materials 17 Dekabr 2009 16:19 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Konya şəhərində yerli əhali ilə görüşü zamanı ölkədə həyata keçirilən "demokratik açılım"da əsas hədəfin milli birlik olduğunu bildirib.
"Demokratik açılım"da əsas hədəf milli birliyin olmasıdır - Türkiyənin Baş naziri

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Konya şəhərində yerli əhali ilə görüşü zamanı ölkədə həyata keçirilən "demokratik açılım"da əsas hədəfin milli birlik olduğunu bildirib. Məlumatı Türkiyənin CNN Türk telekanalı yayıb.

"Demokratik açılım"da əsas hədəf milli birliyin olmasıdır", - Ərdoğan deyib.

Trend -un arayışı: Türkiyənin Baş naziri Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi toplantıda Türkiyənin nə olursa olsun, ölkədə mövcud olan kürd problemini həll edəcəyini bildirib. Baş nazir bundan əvvəl bu problemin həlli üçün kürdyönlü Demokratik Toplum Partiyasının (DTP) lideri Əhməd Türk ilə görüşüb. Baş nazir bu görüşün müsbət keçdiyini və tez bir zamanda ölkədə mövcud olan kürd problemi həllinin tezləşəcəyini bildirib. DTP lideri Türk də bu görüşün ikitərəfli dialoqun yaranması üçün başlanğıc olduğunu bildirib. Türkiyənin əsas müxalifət partiyasının lideri Dəniz Baykal isə bu görüşü hakimiyyətin terroru dəstəkləyənlərlə görüşü kimi dəyərləndirib. Avqustun 13-də Türkiyənin daxili işlər naziri Bəşir Atalay da DTP lideri Türk ilə görüşüb.

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli bir müddət öncə partiyanın keçirdiyi mətbuat konfransında ölkədəki hakim AKP ilə PKK terror təşkilatının eyni düşüncədə olduğunu bildirmişdi.

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Dəniz Baykal keçirdiyi mətbuat konfransında terrorla mübarizə aparmadan terrora qalib gəlməyin qeyri-mümkün olduğunu bildirib.

PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın müraciəti ilə oktyabrın 19-da İraqın şimalındakı Mahmur terror düşərgəsindən təslim olmaq üçün 26 nəfər yola çıxıb və elə həmin gün Türkiyə ərazisinə çataraq təhlükəsizlik qüvvələrinə təslim olublar. Ölkənin daxili işlər naziri Bəşir Atalay təhlükəsizlik qüvvələrinin daha 150 terrorçunun təslim olacağını gözlədiyini bildirib. Təslim olan terrorçuların İraq-Türkiyə sərhədində PKK bayrağı və xüsusi təmtəraqla qarşılanması ölkə müxalifətinin kəskin etirazına səbəb olub. Təslim olan terrorçuların hamısı azadlığa buraxılıb.

Türkiyə Ordusunun Baş Qərargah rəisi İlker Başbuğ İraqın şimalındakı Mahmur düşərgəsindən təslim olmaq üçün Türkiyəyə gələn terrorçuların təntənə ilə qarşılanmasının yolverilməz olduğunu bildirərək, Türkiyənin müdafiəsiz olmadığını deyib.

Baş nazir Ərdoğan Konyada əhali ilə görüşündə onu da qeyd edib ki, ölkədə milli birliyə əngəl olmaq istəyən qüvvələr var.

"Demokratik açılım" planının müəllifi AKP deyil, millətimizdir", - Ərdoğan qeyd edib.

Xəbər lenti

Xəbər lenti