...

Türkiyə Prezidenti İsrailə səfər təklifini qəbul edib

Dünya xəbərləri Materials 19 Dekabr 2009 13:00 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül israilli həmkarı Şimon Peresin yaxın zamanlarda İsrailə səfər təklifini qəbul edib.
Türkiyə Prezidenti İsrailə səfər təklifini qəbul edib

Türkiyə Prezidenti Abdullah Gül israilli həmkarı Şimon Peresin yaxın zamanlarda İsrailə səfər təklifini qəbul edib. Məlumatı "Jerusalem Post" qəzeti yazır.

Kopenhagendə keçirilən iqlim üzrə sammit zamanı Türkiyə və İsrail prezidentləri əvvəlki "dostluq və stabil əlaqələrin" bərpa edilməsinə dair danışıqlar aparıblar.

Bu görüş Türkiyə-İsrail münasibəltlərinin böhran mərhələsinə daxil olduqdan sonrakı yarım il ərzində ilk dəfə baş tutub.

Əvvəllər İsrailin ticarət və sənaye nazirinin Ankaraya səfəri zamanı Prezident Gül bildirmişdi ki, onun İsrailə səfəri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu ölkəyə səfərindən sonra olacaq.

Kopenhagendəki görüş zamanı Prezident Peres öz türkiyəli həmkarına deyib ki, İsrail öz qonşuları ilə sülhə nail olmağa çalışır və fələstinlilərin Qəzza sektorunda əziyyət çəkdiyini görmək istəmir.

"Qəzza çox perspektivli region ola bilərdi (Prezident Mahmud Abbasın rəhbərliyi altında), lakin təəssüf ki, HƏMAS Qəzzada FƏTH liderlərini likvidasiya edib və indi Fələstin əhalisi əziyyət çəkir", - Peres deyib. O qeyd edib ki, əgər HƏMAS İsraili tanıyarsa və terrordan imtina edərsə, Qəzzada vəziyyət tamamilə dəyişəcək. Qəzet yazır.

Türkiyə və İsrail son bir neçə ay ərzində iki ölkə əlaqələrində böhran olmasına baxmayaraq, regionda əvvəlki strateji əməkdaşlığı bərpa etmək niyyətində olduqlarını bəyan ediblər.

İsrailin ticarət və sənaye naziri Binyamin Ben Elizerin Ankaraya səfərinin ardınca, 2010-cu ilin yanvar ayında İsrailin müdafiə naziri Ehud Barak da Türkiyəyə səfər edəcək.

Barakın Türkiyəyə səfəri barədə elan Ankaranın NATO-nun İsrail HHQ-nin iştirakı ilə hərbi manevrlərindən imtina etdikdən iki ay sonra səslənmişdi. Bundan əlavə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər İsrail Türkiyənin hava məkanından İrana hücum etmək üçün istifadə edərsə, Ankaranın buna reaksiyası "zəlzələyə" bənzər olacaq.

İsrailin müdafiə naziri Barak Türkiyə və İsrail arasındakı strateji tərəfdaşlığın saxlanmasının vacib olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti